Vüqar Bayramov: Naxçıvanın yeni imkanları çevik idarəetmə tələb edir
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinə 1-ci kateqoriya dövlət orqanı statusunun verilməsi idarəetmədə çevikliyi və koordinasiya imkanlarını artırmağa hesablanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, təqdim olunan dəyişiklik Azərbaycanda həyata keçirilən struktur və idarəetmə islahatlarının tərkib hissəsi olmaqla yanaşı, Naxçıvanda idarəçilik modelinin təkmilləşdirilməsinə xidmət edir.
Onun sözlərinə görə, Naxçıvanın yeni iqtisadi və logistik imkanları idarəetmə sistemində daha çevik mexanizmlərin formalaşdırılmasını zəruri edir:
“Bir vaxtlar blokada şəraitində yaşayan Naxçıvan bu gün regionun mühüm nəqliyyat və iqtisadi layihələrinin əsas qovşaqlarından birinə çevrilir. Belə şəraitdə dövlət idarəçiliyində çeviklik, operativ qərarvermə və koordinasiya xüsusi əhəmiyyət kəsb edir”.
Vüqar Bayramov qeyd edib ki, təklif olunan dəyişiklik Prezidentin səlahiyyətli nümayəndəliyinin statusunun artırılması ilə yanaşı, idarəetmə iyerarxiyasında yeni yanaşma formalaşdırır:
“Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Bu, nümayəndəliyin idarəetmə sistemində rolunu və koordinasiya imkanlarını daha da artıracaq”.
Deputat vurğulayıb ki, strateji infrastruktur layihələrinin icrası zamanı vahid koordinasiya xüsusi əhəmiyyət daşıyır:
“Yol, enerji və logistika layihələrinin icrasında müxtəlif qurumlar arasında operativ əlaqələndirmə vacibdir. Təklif olunan dəyişikliklər bu istiqamətdə daha çevik mexanizmlərin formalaşdırılmasına xidmət edir”.
O bildirib ki, layihəyə əsasən, Prezidentin səlahiyyətli nümayəndəsi və onun müavinləri inzibati vəzifələr təsnifatından çıxarılır, nümayəndənin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.








