Yeni imkanlar və böyük gələcəyin Naxçıvanı
Naxçıvan Ermənistanın işğalçılıq siyasəti və müharibə başlayan gündən bəri çox çətin bir dövr keçib. Ulu Öndər Heydər Əliyev və bu gün onun layiqli varisi cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ayaqda qalan Naxçıvanın həyatında yeni bir dövr başlayır.
İki gün öncə Prezident İlham Əliyev Naxçıvana – prezidentliyi dövründə sayca 17-ci səfərini etdi. Bu 17-ci gəlişini sadəcə bir rəsmi səfər hesab etmək olmaz, bu Naxçıvanın gələcək taleyini, onun həm iqtisadi, həm də strateji xəritəsini kökündən dəyişəcək böyük bir mərhələnin rəsmi başlanğıcına imza atmaqdır.
Ölkə başçısının AzTV-yə verdiyi müsahibəni dinlədikcə insan bir daha əmin olur ki, Naxçıvan Azərbaycan üçün necə bir əhəmiyyətli bölgə olub və belə də davam edəcək.
Naxçıvan torpağında boy-başa çatmış bir Azərbaycan vətəndaşı, eyni zamanda illərdir cəmiyyətə, sosial təşəbbüslərə xidmət edən bir QHT rəhbəri kimi bu müsahibəni və dövlət başçımızın 17-ci səfərinin hər bir detalını xüsusi bir həyəcan və qürurla izlədim. Hər cümlənin arxasında böyük işlərin olacağını vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxşı bilirəm.
Burada həyata keçirilən hər bir dövlət proqramı, atılan hər bir addım birbaşa insanın, cəmiyyətin rifahına xidmət edir.
Gəlin diplomatiya, quru rəsmiyyət dilini bir kənara qoyaq, bir-birimizlə el-oba dilində danışaq.
İllərdir blokadada olan, bir tərəfdən Ermənistanın işğalçı siyasəti, digər tərəfdən çətin coğrafi şəraitlə mübarizə aparan Naxçıvanımız bu gün tamamilə yeni bir nəfəs alır. Prezidentin müsahibəsində səslənən hər bir fikir, verilən hər bir tapşırıq birbaşa naxçıvanlıların, ümumən hər bir azərbaycanlının gündəlik həyatına toxunan məsələlərdir.
Prezidentin 17-ci səfəri çərçivəsində tanış olduğu və açılışını etdiyi obyektləri görəndə başa düşürsən ki, Naxçıvanda illərlə yığılıb qalmış, həllini gözləyən problemlər nöqtə-nöqtə həll olunur. Su təchizatı, yollar, müasir məktəblər, tibb ocaqları ilə yanaşı, şəhərin ekoloji və rahat nəqliyyat sisteminə də xüsusi diqqət yetirilir.
Səfər çərçivəsində müasir Elektrik Avtobus Parkının açılışı da bunun bariz nümunəsidir. Yeni ekoloji təmiz avtobuslar həm sakinlərin rahatlığını artıracaq, həm də Naxçıvanın modern şəhər simasını daha da gözəlləşdirəcək.
AzTV-yə müsahibəsində İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Naxçıvanın böyük potensialı var və bu potensial tam gücü ilə işə düşməlidir. Xüsusilə "yaşıl enerji" və ekoloji layihələr məsələsi! Bu gün Naxçıvan təkcə özünü yox, gələcəkdə qonşu ölkələri də elektrik enerjisi ilə təmin edə biləcək bir enerji mərkəzinə çevrilir. Günəş, külək stansiyaları, yeni su elektrik stansiyaları və küçələrimizdə hərəkət edəcək elektrik avtobusları – bunlar sabahın təmiz, ucuz və təhlükəsiz gələcəyi deməkdir.
Ən mühüm məqamlardan biri də dövlətin Naxçıvana ayırdığı və ayıracağı böyük maliyyə vəsaitləridir. Prezidentin çıxışından da aydın oldu ki, dövlət Naxçıvanın inkişafı üçün ayıracağı maddiyyat yalnız bir işə xidmət edəcək: Naxçıvan daha da güclü və gözəl bir bölgəyə çevriləcək.
Qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgəyə yüz milyonlarla manat vəsait yönəldilir.
Biz QHT sektoru olaraq hər zaman sosial layihələrin, ictimai təşəbbüslərin daxilindəyik və görürük ki, ayrılan bu maliyyə sadə vətəndaşın həyatında nə kimi dəyişikliklərə səbəb olacaq. Tikilən hər zavod, açılan hər müəssisə, salınan hər yol yüzlərlə, minlərlə insanın evinə halal çörək aparması deməkdir. Suvarma sistemlərinin yenilənməsi ilə Naxçıvanın bərəkətli torpaqları yenidən canlanacaq, fermer daha çox və keyfiyyətli məhsul götürəcək.
Müasir infrastruktur sayəsində Naxçıvan təkcə müalicəvi Əshabi-Kəhf və ya Duzdağ ilə deyil, həm də müasir turizm və mədəniyyət mərkəzi kimi dünyadan qonaqlar qəbul edəcək.
Müsahibənin ən həyəcanlı və qürurverici hissəsi isə, şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı olan məqamlar idi. Prezident bir daha bütün dünyaya mesajında bir hədəf durur: Naxçıvanın blokada tarixi bitir!
Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Azərbaycanın ana torpağı ilə quru yolu ilə birləşəcək. Bu, təkcə Naxçıvanın yox, bütün Türk dünyasının, regionun ticarət və nəqliyyat xəritəsini dəyişəcək. Ayrılan maliyyə, çəkilən dəmir yolları, magistral avtomobil yolları – hamısı bu böyük gələcəyə hesablanıb. Naxçıvan artıq sıxılıb qalmış bir bölgə yox, beynəlxalq logistika mərkəzi olacaq.
Bir naxçıvanlı kimi qəlbimdəki fərəhi, bir QHT rəhbəri kimi isə cəmiyyətimizin gələcəyinə olan inamımı ifadə etməyə sözlər kifayət etmir. Prezident İlham Əliyevin Naxçıvana bu 17-ci səfəri bir daha göstərdi ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Naxçıvanlılar illərlə dözüm, mərdlik və vətənpərvərlik nümayiş etdirdilər. Bu gün isə həmin zəhmətin, dözümün bəhrəsini görmək zamanıdır.
Bizim üzərimizə düşən isə bu böyük quruculuq işlərinə vətəndaş cəmiyyəti olaraq dəstək vermək, dövlətimizin yanından bir addım belə ayrılmamaqdır. Atılan hər bir addım, ayrılan hər bir manat quru rəqəm deyil; Naxçıvanın işıqlı sabahına, uşaqlarımızın gələcəyinə yatırılan investisiyadır. Prezidentin də dediyi kimi, Naxçıvan daha da güclənəcək, daha da gözəlləşəcək və Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcək!
Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri








