
AMEA ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında Anlaşma memorandumu imzalanıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan Milli Elmlər Akademiyasının (MEA) prezidenti müxbir üzv Kanat Abdrahmatovla görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı akademiyalar arasındakı qarşılıqlı elmi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının Qırğızıstan MEA-nın instututları ilə sıx münasibətləri olduğunu bildirib, bu əlaqələrin gələcəkdə birgə daha geniş miqyaslı işlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu ilə birgə “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlamasını ortaq fəaliyyətin yüksək əyani nəticəsi olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti tərəfindən qırğız xalqının böyük oğlunun Azərbaycan-qırğız ədəbi-mədəni əlaqələrinin inkişafına verdiyi layiqli töhfələri nəzərə alaraq “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasını təmin etmək məqsədilə Redaksiya Heyətinin yaradıldığını və işlərin davam etdirildiyini söyləyib.
Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti müxbir üzv Kanat Abdrahmatov da çıxışında AMEA ilə birgə ortaq işlərin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Akademik İsa Həbibbəylinin Qırğızıstana səfərinin və birgə Anlaşma memorandumunun imzalanmasının gələcək ortaq fəaliyyət üçün geniş imkanlar açacağını bildirib.
Daha sonra gələcək elmi əməkdaşlığın gücləndirilməsi, birgə elmi fəaliyyətin icra edilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında Anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti müxbir üzv Kanat Abdrahmatov imzalayıblar.