Antibiotiklərdən Düzgün İstifadə Həftəsi: Sağlam Gələcəyin Təmin edilməsi Sizin Əlinizdədir!

Antibiotiklərdən Düzgün İstifadə Həftəsi: Sağlam Gələcəyin Təmin edilməsi Sizin Əlinizdədir!

23 Noyabr 2024

Hər il 18-24 noyabr tarixləri Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi kimi qeyd olunur. Bu həftə antibiotiklərin düzgün istifadəsinin vacibliyini, onların yalnız həkim məsləhəti və resepti ilə qəbul edilməsinin əhəmiyyətini insanlara xatırlatmaq məqsədi daşıyır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Antibiotiklər bakterial infeksiyaların müalicəsində mühüm vasitədir. Lakin onların səhv, nəzarətsiz və ya həddən artıq istifadəsi nəticəsində bakteriyaların antibiotiklərə müqavimət göstərməsi problemi yaranır. Bu, yalnız bir şəxsin deyil, bütün cəmiyyətin sağlamlığını təhdid edən ciddi bir problemdir. Antibiotik müqaviməti nəticəsində ən sadə infeksiyaların belə müalicəsi çətinləşir və həyat üçün təhlükə yaradan hallar artır.

Antibiotiklərin düzgün istifadəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında mühüm addımlar atılıb. 7 iyun 2023-cü il tarixində qəbul edilən kollegiya qərarına əsasən, antibiotiklərin reseptsiz satışı qadağan olunub. Bu qərar həm fərdi sağlamlığın qorunmasını, həm də antibiotik müqavimətinin yayılmasının qarşısını almağı hədəfləyir. Həkim resepti olmadan antibiotik əldə etmək mümkün olmadığı üçün onların yalnız lazım olduğu hallarda və düzgün dozada istifadə edilməsinə nəzarət gücləndirilib.

Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsində istifadə edilməlidir. Lakin bəzi hallarda insanlar onları viral infeksiyalar, məsələn, soyuqdəymə və qrip zamanı təsirsiz olduğu halda qəbul edirlər. Bu, həm sağlamlığa zərər verir, həm də bakteriyaların müqavimətini artıraraq gələcəkdə həmin dərmanların təsirini azaldır.
Həmçinin, antibiotiklərin nəzarətsiz istifadəsi qaraciyər və böyrəklərə zərər verə, allergik reaksiyalara və digər yan təsirlərə səbəb ola bilər. Bu səbəbdən antibiotiklər yalnız həkim təyinatı əsasında qəbul edilməli və kurs yarımçıq saxlanılmamalıdır.

Hər birimiz antibiotiklərin düzgün istifadəsinə diqqət yetirərək sağlam gələcəyin qurulmasına töhfə verə bilərik. Bunun üçün:

* Həkim məsləhəti olmadan antibiotik qəbul etməyin.
* Həkimin təyin etdiyi dozaya və müalicə kursunun müddətinə riayət edin.
* Artıq qalmış antibiotikləri digər xəstəliklər zamanı özbaşına istifadə etməyin.
* Antibiotiklərin təsirsiz olduğu hallarda, məsələn, virus infeksiyalarında onların istifadəsindən çəkinin.

Unutmayın, düzgün istifadə edilməyən antibiotiklər yalnız fərdi sağlamlığınıza deyil, bütövlükdə cəmiyyətə də zərər verə bilər. Daha sağlam və güclü gələcək üçün hər birimiz məsuliyyətli davranmalıyıq.

Birlikdə antibiotik müqavimətinə qarşı mübarizə apara və sağlam gələcək üçün möhkəm addımlar ata bilərik!