Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb

Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb

26 May 2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Kuba və çexiyalı həmkarları Bruno Rodriqes və Petr Matsinka ilə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

XİN rəhbəri P. Matsinka ilə Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq istiqamətlərini müzakirə edib, son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.

Kubalı həmkarı ilə görüşündə isə iki ölkə arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika nəzərdən keçirilib.

C. Bayramov və B. Rodriqes mövcud tarixi və mədəni əlaqələrə əsaslanaraq iqtisadiyyat, investisiyalar, turizm və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin BMT, Qoşulmama Hərəkatı (QH) və Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) daxil olduğu çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə (SIDS) humanitar və inkişaf yardımı müzakirə edilib.

https://x.com/AzerbaijanMFA/status/2059328184697393629/photo/1