DİM təşkil etdiyi hazırlıq kurslarına qeydiyyat vaxtını uzatdı

DİM təşkil etdiyi hazırlıq kurslarına qeydiyyat vaxtını uzatdı

02 Fevral 2026

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, rus dili və informatika fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat müddəti uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilir ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

Kurslarda iştirak etmək üçün qeydiyyat 2 fevral 2026-ci il tarixindən 30 mart 2026-cı il saat 23:59-dək uzadılıb.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün “Elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara sertifikat veriləcək.

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.