Elbrus İsayev: “I Beynəlxalq Tibb Günlərində 200-ə yaxın xarici qonaq iştirak edir”

Elbrus İsayev: “I Beynəlxalq Tibb Günlərində 200-ə yaxın xarici qonaq iştirak edir”

24 Sentyabr 2026

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev I Beynəlxalq Tibb Günlərinin Naxçıvanda keçirilməsinin əhəmiyyətindən danışıb.

Rektor "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində deyib ki, I Beynəlxalq Tibb Günləri 24–26 iyul tarixlərində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində keçiriləcək.

Elbrus İsayev bildirib ki, tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən, eləcə də Türkiyənin və Azərbaycanın nüfuzlu universitet və tibb müəssisələrindən olan həkimlər, tibb dərnəklərinin rəhbərləri, tədqiqat institutlarının nümayəndələri Naxçıvana gəlib:

 “Bu günlər ərzində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində tibbin müxtəlif sahələri üzrə ustad dərsləri və konfranslar keçiriləcək, tələbə və rezidentlər üçün müxtəlif praktik məşğələlər təşkil olunacaq”.

Rektorun sözlərinə görə, üç gün ərzində keçiriləcək tədbirlər ümumilikdə 2000-ə yaxın akademik heyət üzvü, həkim və tələbəni əhatə edəcək.

Elbrus İsayev qeyd edib ki, Tibb Günləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının xəstəxanalarında, o cümlədən Naxçıvan Dövlət Universitetinin klinikasında tibbi aksiyalar da keçiriləcək:

“Tibbin müxtəlif sahələri üzrə tanınmış həkimlərin iştirakı ilə müayinələr və müalicələr aparılacaq. Düşünürük ki, bu prosesdə tələbələrimizin iştirakı onların klinik bacarıqlarının inkişafına da xidmət edəcək”.

Rektor açıq panel sessiyalarının da təşkil ediləcəyini və bu sessiyalarda tibb sahəsinə maraq göstərən Naxçıvan ictimaiyyətinin iştirakının nəzərdə tutulduğunu bildirib.

Onun sözlərinə görə, tədbirin təşkilatçısı və ev sahibi Naxçıvan Dövlət Universiteti ilə yanaşı, Ankara və Hacettepe universitetləri, Azərbaycan Tibb Universiteti, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, həmçinin Türkiyənin müxtəlif universitetlərinin tibb dərnəklərinin rəhbərləri və mütəxəssisləri tədbirdə təmsil olunur.

Elbrus İsayev bildirib ki, I Beynəlxalq Tibb Günlərində müxtəlif ölkələrdən 200-ə yaxın qonağın iştirakı gözlənilir. Qonaqların Naxçıvanın turizm imkanları, o cümlədən Duzdağ mağarası və termal sularla tanışlığı da nəzərdə tutulub.

Rektor vurğulayıb ki, Naxçıvanın fizioterapiya və tibb turizmi sahəsində imkanlarının beynəlxalq mütəxəssislərə təqdim olunması da tədbirin mühüm istiqamətlərindəndir.

"Bu birincidir. Ümid edirik ki, gələcək illərdə də tibbin aktual problemlərinə həsr olunmuş konfransların, müalicə və müayinələrin, ustad dərslərinin keçirilməsi üçün Tibb Günlərini davam etdirəcəyik”.

Elbrus İsayev əmin olduğunu bildirib ki, tədbir Naxçıvanın sosial-iqtisadi inkişafına, səhiyyə sisteminin və tibb təhsilinin inkişafına mühüm töhfə verəcək.