Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

07 Yanvar 2026

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də əkin sahələri ilə əvəzlənib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Xalq qəzeti"inə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi kəşfiyyat peyklərinin arxiv təsvirlərinin və müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntülərinin sistemli şəkildə təhlilləri ilə indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqların monitorinqi başa çatıb:

"İlkin olaraq 37 il əvvəl – sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qalan kəndlərdəki 201 müsəlman qəbiristanlığının materialları çap olunub. Bu tədqiqat zamanı ABŞ-nin KORONA, Gambit və Heksagon kimi XX əsrin ikinci yarısına aid məxfilik qrifi götürülmüş hərbi kəşfiyyat peyklərinin arxiv təsvirlərini və müasir yüksək ayırdetmə qabiliyyətli peyk görüntüləri sistemli şəkildə təhlil edilib. Bu məqsədlə 712 birbaşa təsvir, ümumilikdə 2000-dən artıq görüntü tədqiqata cəlb edilib".

QAİ sədri bildirib ki, nəticədə 201 qəbiristanlığın yol, ev, sənaye və istehsal obyektləri, eləcə də əkin sahələri ilə əvəzləndiyi ortaya çıxıb:

"Monitorinq nəticələrinə əsasən, 12 qəbiristanlıq üzərindən asfalt yollar çəkildiyi, 16-sı üzərində yaşayış evləri tikildiyi, 56-nın ərazisinin əkin sahəsinə çevrildiyi, 67-nin üzərində vandalizm hərəkətləri edildiyi, 4-nün üzərində sənaye və istehsal obyektləri salındığı, 5-nin ərazisində hərbi istehkam işləri aparıldığı, 32-ində tikinti-inşaat işləri görüldüyü, 6-sı üzərində yenidən dəfn prosesi aparılaraq erməni qəbiristanlığına çevrildiyi, 3 qəbiristanlıq ərazisində isə su anbarı inşa edildiyi aşkarlanıb".