ƏÜO-nun yaradılmasının növbəti ildönümü qeyd olunub -

ƏÜO-nun yaradılmasının növbəti ildönümü qeyd olunub - FOTO, VİDEO

18 Dekabr 2025

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində ƏÜO-nun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin və ƏÜO-nun şəxsi heyətinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbir iştirakçılarını salamlayan ƏÜO komandanı general-leytenant Kənan Seyidov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb, əlamətdar gün münasibətilə kollektivi təbrik edib və onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. 

Sonra Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesini, ötən müddətdə aparılan islahatları əks etdirən videoçarx nümayiş etdirilib.  

ƏÜO-nun Təlim və Tədris Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.

Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.