Hüseyn Razinin məhəbbət lirikası
XX əsrin ikinci yarısında Azərbaycan ədəbi mühitinin seçilən nümayəndələrindən biri də Hüseyn Razi olmuşdur. Onun yaradıcılığı həmişə ictimaiyyətin diqqət mərkəzində olub. Naxçıvanın Səməd Vurğunu hesab edilən istedadlı qələm ustası Hüseyn Razinin Azərbaycan poeziyasında xüsusi bir yeri vardır. Azərbaycan ədəbi mühitində sevilən şair, nasir, dramaturq və publisist Hüseyn Razi haqqında Əməkdar elm xadimi, professor Hüseyn Həşimli yazırdı: “Hüseyn Razi sözün əsl mənasında böyük şair idi. O, regionda yaşayıb milli ədəbiyyata dəyərli töhfələr verən azsaylı sənət adamlarındandır. Onun şeirləri də, poemaları da, qələmindən çıxmış nəsr, dramaturgiya, ədəbi tənqid və publisistika nümunələri də əsl istedadın, qaynar ilhamın bəhrəsi olmaqla Vətən və xalq qarşısında ziyalı məsuliyyətinin əyani təcəssümüdür”.
Şair Hüseyn Razinin yaradıcılığı mövzu etibarilə də zəngin bir yaradıcılıq olmuşdur. Məhəbbət mövzusu ədəbiyyatımız üçün hər zaman aktual olduğu kimi, şair H.Razi üçün də başlıca müraciət edilən mövzulardan birini təşkil etmişdir. Sevgi və məhəbbət duyğularının tərənnümü klassik ədəbiyyatımızdan gələn bir ənənədir. Hüseyn Razi yaradıcılığında həm klassik poeziya örnəklərindən, həm də müasir şeirin ən müxtəlif formalarından istifadə etmişdir. Sevgi lirikasının əsas mövzusu insan qəlbinin duyğu və həyəcanları, insan gözəlliyini böyük sənətkarlıqla vəsf etməsidir. Hüseyn Razinin gözündə məhəbbət insanın gözəlliyinə pərəstiş, həyat sevgisi, insanpərvərlik, dostluq, düzlük, vəfa və sədaqət deməkdir. Onun məhəbbət mövzusunda yazdığı şeirləri özünəməxsusluğu, bənzərsizliyi, səmimiliyi ilə seçilir.
Hüseyn Razinin “Cavab” şeiri məhəbbət lirikasının ən gözəl örnəklərindən biridir. Şair öz duyğularını obrazlı şəkildə dilə gətirir. Şair məhəbbətini kövrək, nigaran, hətta alova bükülmüş bir ürək adlandırır. Eləcə də aşiq olduğu qızın eşqi ilə ürəyinin xısın-xısın əridiyini lirik parçalarla ifadə edir:
Mənim məhəbbətim kövrək, nigaran,
Alovla bükülmüş bir ürəkdədir.
Sənin həsrətinlə, sənin odunla
Yanıb xısın-xısın əriməkdədir.
Şeirin lirik qəhrəmanı zərbələrə dözdüyünü, “Sən xoşbəxt yaşasan, mən də xoşbəxt olaram” deməklə aşiqinə ən böyük arzusunu dilə gətirir. Ümumiyyətlə, məhəbbət haqqında düşünmək onun gözəlliyini, möhtəşəmliyini dərk etmək üçün geniş imkanlar verir. Hər şeydən əvvəl şairin məhəbbəti təbiidir, səmimidir:
Dözürəm zərbələr silsiləsinə,
Sən varsan, dünyada demək varam mən.
Ən böyük xoşbəxtlik istərəm sənə,
Sən xoşbəxt yaşasan, şad olaram mən.
“Bağışlamazdım” şeirində şair sevdiyi qıza inanmaqla, bel bağlamaqla sanki bir peşmançılıq hissi yaşadığını dilə gətirir. Şairin şeirlərində bir qadın obrazı vardır ki, bu da vaxti ilə can deyib, can eşitdiyi, sonradan üzü dönüklük edərək lirik qəhrəmanın ən müqəddəs hisslərini unudub eşqinə, məhəbbətinə naxələf çıxan bir obrazdır. Hüseyn Razi əgər “Mən sənin yerinə olsaydım, ölərdim, ancaq əhdimi ayaqlamazdım” – deməklə sanki məşuqunu vəfasızlıqda, etibarsızlıqda ittiham edir. “Bağışlamazdım” şeirinin əsas motivi həsrət, ayrılıqdır.
Əgər gülümsəsəydi ala gözlərin,
Mən sənə heç zaman bel bağlamazdım.
Mən sənin yerinə olsaydım əgər,
Ölərdim, əhdimi ayaqlamazdım.
Şairin məhəbbət şeirləri içərisində həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri də güclüdür. “Alışdım oduna pərvanə kimi ” – deməklə özünü odda yanan pərvaniyə bənzədərək bəddi təsvir vasitələrindən biri olan təşbeh işlətmişdir. Sonda təxəllüsünü işlədir. Şairin lirik qəhrəmanının məhəbbəti uğursuz məhəbbətdir:
Sən məni unutdun əfsanə kimi,
Alışdım oduna pərvanə kimi,
Raziyəm, bu dərdli nişanə kimi,
Bütün dərdlərimin başına yazdım.
Hüseyn Razinin “Səni görürəm” şeirində şairin keçirdiyi psixoloji yaşantılardan bəhs olunur. Aşiq dənizə, dolan buludlara baxaraq məşuqunu hər yerdə gördüyünü söyləyir. Hüseyn Razinin məhəbbət lirikası səmimiliyi ilə diqqət çəkir. Bu lirikanın bədii qüdrəti insan qəlbinin duyğu və həyəcanları, insan gözəlliyini böyük sənətkarlıqla vəsf etməsidir. Şairin şeirlərində qəlbin dərinliklərində işləyən hiss və həyəcan vardır:
Baxıram dənizə, dolan buluda,
Gah səni, gah ayı görürəm suda.
Arada çox uzun yollar olsada,
Tufan qopardıqca ürəyimdə qəm,
Mən səni görürəm, səni görürəm.
Hüseyn Razinin “Dünya sevənlərindir” poeması sevgi, məhəbbət mövzusundadır. “Dünya sevənlərindir” poeması lirik poemadır. Hüseyn Razinin “Dünya sevənlərindir” poeması görkəmli Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Nizami Gəncəvinin məşhur beytlərindən birinə epiqrafla başlayan əsərdə sevgi və məhəbbət duyğuları bütün ülviliyi, saflığı ilə tərənnüm və vəsf olunur:
“Mən axtardım”, axtarmadı
Xoşbəxtlik dünyada məni.
Pak niyyətə, təmiz ada
Etdi eşqim fəda məni.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov yazırdı ki, “Forma rəngarənginliyinə malik olan “Dünya sevənlərindir” poemasında ideyanı təsbit və təsdiq üçün çox uğurlu fikir mühakiməsi aparılır, idiomatik modellərdən istifadə edilir. Şairin: “Bu dünyanı yaşadacaq Sevgisilə, həvəsilə, Məhəbbətlə zirehləşən sinəsiylə Gözəlliyi qoruyanlar”, – deyə ifadə etdiyi fikir əsərin mühüm ideya-estetik yük daşıyan tezislərindən birinə çevrilir. Şair inanır və inandırır ki, “Məhəbbətdə hər nifrəti, Ən amansız ədavəti Ram eləmək qüdrəti var”. Həmçinin məhəbbəti yaşadanların, sevməyi bacaranların sayəsində “Hikkə, nifrət öləcəkdir. Məhəbbət yüksələcəkdir”.
Bütün bu deyilənləri ümümiləşdirsək, nəticə etibarı ilə deyə bilərik ki, Hüseyn Razi XX əsr Azərbaycan ədəbiyyatının son illəri ərzində öz istedadı ilə diqqəti cəlb edən qüvvətli sənətkar olmuş, özündən sonra yaşamaq qüdrətini saxlayan bir çox dəyərli əsəsrlər yaratmışdır. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, şair və publisist Hüseyn Razinin sevgi lirikası mahiyyətcə təmiz, saf, insani hisslərlə yoğrulmuş lirikadır. Şairin məhəbbət şeirləri habelə özünün sadəliliyi, axıcılığı, səmimiliyi və poetik ünsiyyətcilliyi ilə diqqəti cəlb edir.
Natavan İBRAHİMOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı








