Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin nümayəndə heyətini qəbul edib

17 Aprel 2026

Azərbaycanla Türkiyə arasında prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev aprelin 17-də Azərbaycanda səfərdə olan Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasının Sədri Yusuf Kuzunun rəhbərlik etdiyi heyəti qəbul edib.

Bildirilib ki, Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərin arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, mütəmadi görüşlər, sıx təmaslar və beynəlxalq tədbirlər çərçivəsində həyata keçirilən qarşılıqlı səfərlərin, o cümlədən hazırda davam edən 5-ci Antalya Diplomatiya Forumu kimi platformalarda birgə iştiraklarının digər sahələrlə yanaşı, ölkələrin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynadığını qeyd edib.

Bundan başqa, Baş prokuror Şanlıurfa və Kahramanmaraş şəhərində yerləşən məktəbə edilən silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığını bildirib, bu ağır və kədərli hadisədə həlak olanların ailə üzvlərinə, yaxınlarına səbr diləyib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.

Türkiyə Ali Məhkəməsinin 2-ci Cinayət Kollegiyasinin Sədri Yusuf Kuzu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, ölkələrin həm prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olmasını vurğulayıb.

Görüşdə iki ölkənin prokurorluq, məhkəmə və ədliyyə sistemləri arasında əməkdaşlığın uğurla davam etdiyi bildirilib, eləcə də hakim və prokurorların ixtisasartırma təlimlərinin təşkilinin vacibliyini qeyd olunaraq gələcəkdə də bu istiqamətdə əlaqələrin inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.