Komitənin kollektivi şəhid ailəsini ziyarət edib -

Komitənin kollektivi şəhid ailəsini ziyarət edib - FOTO

21 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi və Komitədə istehsalat təcrübəsi keçən bir qrup tələbə şəhid Fuad Əlizadənin ailəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. 

Şəhid Fuad Əlizadənin ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.

Xatırladaq ki, Əlizadə Fuad Nazim oğlu 1994-cü ildə Şahbuz rayonunun Kolanı kəndində doğulub, Naxçıvan şəhərində böyüyüb başa çatıb. Hərbə, hərbi formaya, ən başlıca isə Vətənə olan bağlılığı onu 2008-ci ildə Naxçıvan şəhərindəki hərbi liseyə gətirib. 2015-ci ildə Ali hərbi məktəbdə təhsilini başa vurub leytenant rütbəsi alıb. Hələ gənc leytenant olmasına baxmayaraq, zəfər yolumuzun başlanğıcı olan Aprel döyüşlərinin fəal iştirakçısı olub. Qəhrəman şəhidimiz oktyabrın 12-sinə qədər Murov dağın müdafiəsində, 12-sindən sonra isə Füzuli, Cəbrayıl, Qubadlının azad olunmasında misilsiz şücaətlər göstərib. 

Şuşa qalasının fəthinə, ən əsası isə böyük qələbəmizə yol açan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə noyabrın 7-də şəhadətə qovuşub. Nəşi noyabrın 30-u doğma torpağına gətirilib. 

Gülərüzlü Fuad Ali Baş Komandan tərəfindən şəhadətindən əvvəl “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” , ölümündən sonra isə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.