
Şahbuz şəhərində Heydər Əliyev adına bulaq və park təmir olunur - FOTO
Şahbuz şəhərində sakinlərin əsas istirahət məkanlarından biri olan Ulu Öndər Heydər Əliyevin adını daşıyan bulaq-abidənin və ətrafındakı parkın təmirinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihənin icrası üçün əvvəlcə layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və müvafiq ekspertiza rəyi alınıb. Təmir işlərinin həyata keçirilməsi məqsədilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu üsulu ilə müsabiqə elan edilib. Müsabiqənin nəticələrinə əsasən qalib təchizatçı ilə müqavilə imzalanıb və icra işlərinə start verilib.
Ümumi sahəsi 1800 kvadratmetrə yaxın olan park ərazisində çökmüş kilid daşları və beton bordürlər yenilənəcək. Bulaq və hovuz müasir tələblərə uyğun şəkildə bərpa ediləcək. Parkda mövcud suvarma xətləri və işıqlandırma sistemləri yenisi ilə əvəz olunacaq. Həmçinin yeni oturacaqlar və tullantı qutuları quraşdırılacaq.
Təmir-bərpa işləri başa çatdıqdan sonra bulaq-abidə və park yenidən Şahbuz sakinləri və şəhərin qonaqlarının istifadəsinə veriləcək.