Leyla Əliyeva Qusarda "Kənd Həyatı" layihəsinin qonağı olub - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində L.Əliyeva rayonun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və "Kənd Həyatı" (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.
Çəkilişlər zamanı L.Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.
L.Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.
Qeyd edək ki, "Kənd Həyatı" YouTube kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.











