Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

19 May 2026

Mayın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı müzakirəyə təqdim edilib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı təqdim olunur. O, Azərbaycanda gender bərabərliyinin təmin olunmasının və dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə xüsusi rolunu vurğulayıb.

Komitə sədri ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamikanın olduğunu, idarəetmə və qərar qəbuletmədə qadınların iştirakçılığının artmasının müşahidə edildiyini söyləyib. O, bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirildiyini, tədbirdə qadın iştirakçılığının, onların prosesə verəcəyi töhfələrin, dövlətlər qarşısında dayanan öhdəliklərin geniş müzakirə edildiyini bildirib.

Hicran Hüseynova Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bir çox yeni istiqamətlərin əks olunduğunu qeyd edərək, bütövlükdə hesabat ilində görülən işləri yüksək qiymətləndirib. Sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə ətraflı təhlillərin aparıldığını, təklif və tövsiyələrin hazırlandığını vurğulayıb. Məlumatda, habelə qarşıda duran vəzifələrin, həllini gözləyən məsələlərin yer aldığını bildirib.

Sonra iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası sahəsində fəaliyyət barədə illik məlumatın hazırlandığı zaman aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə gördüyü işlərlə bağlı məlumatlarından istifadə edildiyini söyləyib.

Bildirilib ki, məlumatda hesabat ilində dövlət komitəsi tərəfindən erkən evliliyin inzibati-ərazi bölgüsü üzrə xəritənin hazırlanması, yetkinlik yaşına çatmayanlar arasında intihar hallarına səbəb olan faktorlar, sosial-iqtisadi səbəblərin ailə institutuna təsiri, yeniyetmələrin hüquq düşüncələrinin formalaşması ilə bağlı təhlillərin aparıldığı qeyd olunur. Ölkədə qadınlar üçün iqtisadi imkanların genişləndirildiyi, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara dəstəyin artırıldığı, sosial və ictimai-siyasi həyatda qadınların mövqeyinin möhkəmləndirildiyi öz əksini tapıb. Bununla yanaşı, ailə institutunun qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həyata keçirilən layihələr, maarifləndirmə tədbirləri, habelə məişət zorakılığının qarşısının alınması istiqamətdə atılan addımlar, digər bir sıra məsələlər barədə geniş məlumat verilib.

Milli Məclisin deputatları hesabat ili ərzində görülən işləri müsbət qiymətləndirərək, təkliflərini səsləndiriblər.

Parlamentin komitə sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov çıxışlarda səsləndirilən fikirlərə münasibət bildiriblər.

Müzakirələrin yekununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.