Naxçıvan Dövlət Milli Dram Teatrı və ya zamana yolçuluq

Naxçıvan Dövlət Milli Dram Teatrı və ya zamana yolçuluq

09 Mart 2026

Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda  teatr sənətinin inkişafında mühüm rol oynayan sənət ocağıdır. Bu teatr təkcə Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə Azərbaycan teatr tarixinin mühüm mərhələlərini özündə əks etdirən zəngin yaradıcılıq ənənəsinə malikdir. Uzun illərdir ki, teatr milli dramaturgiyanın və dünya ədəbiyyatının ən dəyərli əsərlərini səhnəyə gətirərək tamaşaçıların estetik zövqünün formalaşmasına xidmət edir.

Naxçıvanda teatr sənətinin əsasının qoyulması XIX əsrin sonlarına təsadüf edir. 1883-cü ilin may ayında Naxçıvan şəhərində, maarifçi ziyalı Hacı Nəcəf Zeynalovun evində görkəmli dramaturq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirildi. Bu tamaşa Naxçıvanda professional teatr sənətinin başlanğıcı hesab olunur. Tamaşanın hazırlanmasında maarifçi ziyalı Eynəli bəy Sultanov və onun ətrafında toplaşan “Ziyalı məclisi” və “Müsəlman şiə incəsənət və dram cəmiyyəti”nin üzvləri böyük rol oynamışlar. Beləliklə Naxçıvanda peşəkar teatrın yaranmasında Eynəli bəy Sultanovla yanaşı Məmməd Tağı Sidqi, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Cəlil Məmmədquluzadə, Əli Xəlilov, Mirzə Sadıq Qulubəyov və başqaları öz töhfələrini vermişlər.  Yoxsul məktəblilər üçün xeyriyyə məqsədilə oynanılan ilk tamaşa həm də onu göstərir ki, həmin illərdə Naxçıvanda ədəbi ziyalı mühiti və mədəni inkişaf mövcud olmuşdur.

Sonrakı illərdə Naxçıvanda teatr hərəkatı daha da genişlənmiş, bir sıra ziyalıların təşəbbüsü ilə mütəmadi tamaşalar hazırlanmışdır. XX əsrin əvvəllərində Bakının məşhur teatr xadimləri – Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi Ruhulla və Abbas Mirzə Şərifzadə kimi sənətkarların Naxçıvana gələrək burada tamaşalar göstərməsi yerli teatr mühitinin inkişafına ciddi təsir göstərmişdir.

1923-ci ildə teatr rəsmi şəkildə dövlət statusu alaraq Dövlət Dram Teatrı kimi fəaliyyət göstərməyə başlamışdır. 1965-ci ildə isə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin adı teatra verilmişdir. Bu hadisə teatrın yaradıcılıq istiqamətinin formalaşmasında mühüm mərhələ olmuşdur.

Naxçıvan Dövlət Milli Dram Teatrı yarandığı gündən Azərbaycan dramaturgiyasının ən dəyərli əsərlərini səhnəyə gətirmişdir. Teatrın repertuarında müxtəlif dövrlərdə Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev kimi dramaturqların əsərləri geniş yer almışdır.

Bununla yanaşı, teatr dünya dramaturgiyasının klassik nümunələrinə də müraciət etmişdir. Müxtəlif illərdə Sofokl, Vilyam Şekspir, Fredrix Şiller, Nikolay Qoqol,  Anton Çexov, Robindranat Taqor, Çingiz Aytmatov, Əziz Nesin və başqa dünya dramturqlarının əsərləri  Naxçıvan səhnəsində tamaşaya qoyulmuşdur. 143 il ərzində minə qədər əsərə müraciət edilib.

Bu səhnədə həmçinin yerli, naxçıvanlı müəlliflər; Müzəffər Nəsirli, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib, İslam Səfərli, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Həsən Elsevər, Ramiq Muxtar, Həmid Arzulu, Həsənəli Eyvazlı və başqa dramaturqların əsərləri də səhnə həllini tapmış və tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.  

Bu ənənə bu gün də davam edir və teatr həm milli, həm də dünya dramaturgiyasının müasir səhnə interpretasiyalarını tamaşaçılara uğurla təqdim edir.

Naxçıvan teatrı illər ərzində  həm də çoxsaylı istedadlı aktyor və rejissorların yetişdiyi sənət ocağı kimi tanınmışdır. Müxtəlif dövrlərdə teatrın inkişafında Rza Təhmasib, Səməd Mövləvi, Kazım Ziya, İsa Musayev, Xədicə Qazıyeva, Zəroş Həmzəyeva, Sofya Hüseynova,  Məmməd Quliyev, Əyyub Haqverdiyev, Firuzə Əlixanova, Zemfira   Əliyeva, Rövşən Hüseynov və başqa aktyorlar, İbrahim Həmzəyev, Baxşı Qələndərli,  Vəli Babayev, Vaqif Əsədov, Əliqismət Lalayev, Vqif Əhmədov, Kamran Quliyev   kimi rejissorlar, Bəhruz Kəngərli, Şəmil Qazıyev, Məmməd Qasımov, Yuran Məmmədov, Əbülfəz Axundov, Səyyad Bayramov, Hüseynqulu Əliyev, Araz Xudiyev  kimi rəssamlar  və digər sənətkarların böyük xidmətləri olmuşdur. Bu sənətkarlar səhnədə yaratdıqları obrazlarla, qurduqları tamaşalarla, verdikləri səhnə tərtibatı ilə Naxçıvan teatr məktəbinin formalaşmasına mühüm töhfələr vermişlər.

Bu gün də teatrın kollektivində həm təcrübəli sənətkarlar, həm də gənc aktyorlar fəaliyyət göstərərək teatr ənənəsini davam etdirirlər.

Son illərdə Naxçıvan Dövlət Milli Dram Teatrında yaradıcılıq prosesi daha da intensivləşmiş, repertuar zənginləşdirilmişdir.  Son bir neçə ildə  teatrın repertuarına bir sıra yeni tamaşalar daxil edilmişdir. Bunların sırasında M. Ü. Görgülünün “Cibimizdəki dəlilik”, M. F. Axundovun “Lənkəran xanının vəziri”, K. Çapekin “Ana”,  Qriqori Qorinin “Herostratı unudun”, Samuel Bekketin “Qodonun intizarında”, J. B. Molyerin “Skapenin kələkləri”, C. Məmmədquluzadənin “Ölülər”, Pərvin Ünalpın “Spiral”, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, həmçinin H. Cavidin “Ana” və Kamal Abdullanın “Simurq quşu” və uşaqlar üçün X. Əlibəylinin “Dovşanın ad günü”, E. Atalının “Odunçunun nağılı”, M. Ü. Görgülünün “Kəloğlan”, V. Qubarevin “Sehrli yaylıq” və s.  kimi səhnə əsərləri yer almışdır. Təkcə  2025-ci  il ərzində teatrın repertuarına 13 yeni tamaşa əlavə olunmuşdur.

Hazırda isə Şekspirin “Hamlet” və S. Canbaxşiyev “Cırtdan şirinlər adasında” tamaşalarının son məşqləri gedir.

Teatr beynəlxalq festivallarda da fəal iştirak edir. 20203-cü ildə Mir Qabil Əkbərovun rejissorluğu ilə hazırlanan Viktor Huqonun “Edama məhkumun son günü” əsəri Türkiyənin Trabzon, Samsun, Dənizli  şəhərlərində keçirilən beynəlxalq teatr festivallarda, eyni zamanda Bakı, Gəncə, Sumqayıt şəhərlərində  uğurla təqdim edilmişdir.

Bundan əlavə, teatr Bakı şəhərində keçirilən müxtəlif teatr layihələrində iştirak edir, qastrol səfərlərinə çıxır və region teatrları arasında yaradıcı əlaqələrin genişlənməsinə töhfə verir.

Zəngin tarixi, güclü yaradıcılıq ənənələri və peşəkar kollektivi ilə Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan mədəniyyətinin mühüm dayaqlarından biridir. Bu teatr yalnız klassik dramaturgiyanın səhnə təcəssümü ilə kifayətlənmir, həm də müasir teatr axtarışlarına açıq olan yaradıcı məkan kimi fəaliyyət göstərir.

Bu gün Naxçıvan teatrı öz tarixi ənənələrini qoruyaraq yeni tamaşalar, festivallar və beynəlxalq layihələr vasitəsilə Azərbaycan teatr sənətinin inkişafına mühüm töhfələr verməyə davam edir. İndi teatrda 5 xalq artisti (Rövşən Hüseynov, Yasəmən Ramazanova, Həsən Ağasoy, Şirzad Abutalıbov, Rza Xudiyev), 5 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti (Əli Əliyev, Nazlı Hüseynquluyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Vidadi Rəcəbli ), 3 nəfər  Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (Səməd Canbaxşiyev, Kəklik Novruzova, Günay Qurbanova), bir nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (Adilə Səfərova), bir nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı (Səyyad Bayramov), 3 nəfər “Tərəqqi” medallı (Həsən Ağasoy, Zakir Fətəliyev, Səməd Canbaxşiyev),  bir nəfər Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin fəxri döş nişanına layiq görülən aktyor (Nəsimi Məmmədzadə) və 5 nəfər Prezident mükafatçısı fəaliyyət göstərir. 

Bir sözlə, Naxçıvan Dövlət Milli Dram Teatrı zəngin tarixini qoruyaraq müasir yaradıcılıq axtarışlarını davam etdirən mühüm mədəniyyət mərkəzlərindən biridir. Teatrın səhnəsində təqdim olunan tamaşalar təkcə estetik zövq formalaşdırmır, həm də milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir.

Zaman dəyişsə də, Naxçıvan teatrının missiyası dəyişməz qalır – tamaşaçıya düşünmək, hiss etmək və sənətin gücünü dərk etmək imkanı yaratmaq.

Səməd CANBAXŞİYEV 

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti