Naxçıvan Hərbi Kollecində Gənclər Günü münasibətilə tədbir keçirilib -

Naxçıvan Hərbi Kollecində Gənclər Günü münasibətilə tədbir keçirilib - FOTO

31 Yanvar 2026

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Sağlam gənclik – güclü gələcək” mövzusunda tədbir təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov, eləcə də kollecin müəllimi və kursantı çıxış ediblər. Çıxışlarda şəxsi heyət Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib, bu əlamətdar günün gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rolu vurğulanıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq fərmanla 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Tədbir çərçivəsində Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx da nümayiş etdirilib.