Naxçıvan Muxtar Respublikasının 2026-cı büdcəsinin əsas göstəriciləri açıqlanıb

Naxçıvan Muxtar Respublikasının 2026-cı büdcəsinin əsas göstəriciləri açıqlanıb - FOTO

07 Yanvar 2026

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin sosial şəbəkə hesablarında yaydığı məlumata görə, növbəti il üçün büdcənin gəlirləri və xərcləri 483 milyon 178 min manat həcmində proqnozlaşdırılıb.

Büdcə gəlirlərinin strukturunda 271 milyon 550 min manat yerli daxilolmalar, 211 milyon 628 min manat isə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya təşkil edir. Gəlirlərin proqnozu üzrə ötən ilin büdcəsi ilə müqayisədə yerli daxilolmaların həcmi 64 milyon 120 min manat artıb, dotasiyanın həcmi isə 74 milyon 85 min manat azalıb. Bu da regionun maliyyə müstəqilliyinin gücləndiyini göstərir.

2026-cı ildə xərclərin funksional təsnifat üzrə bölgüsü də müəyyənləşdirilib. Ən böyük vəsait təhsil sahəsinə yönəldilərək 157 milyon 479 min 439 manat təşkil edib. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün 86 milyon 138 min 775 manat, ümumi dövlət xidmətlərinə isə 74 milyon 484 min 856 manat vəsait ayrılıb.

Büdcə xərcləri çərçivəsində iqtisadi fəaliyyətə 43 milyon 655 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 26 milyon 29 min 956 manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 27 milyon 800 min manat yönəldiləcək.

Bundan əlavə, mənzil və kommunal təsərrüfatı üçün 16 milyon 862 min 549 manat, ətraf mühitin mühafizəsinə 14 milyon 168 min 630 manat, səhiyyəyə 13 milyon 77 min 205 manat, sosial müdafiə və sosial təminata 12 milyon 705 min 590 manat, kənd təsərrüfatına isə 10 milyon 776 min manat ayrılması nəzərdə tutulub.

Açıqlanan büdcə göstəriciləri Naxçıvan Muxtar Respublikasında sosial rifahın yüksəldilməsi, iqtisadi fəallığın artırılması və strateji sahələrin maliyyələşdirilməsinin prioritet təşkil etdiyini göstərir.