Naxçıvan Sənaye Parkı regionun sənaye və logistika potensialını artıracaq
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində sənaye parklarının və sənaye məhəllələrinin yaradılması siyasəti davam etdirilir.
Bu siyasətin nəticəsi olaraq 2026-cı ilin ilk yarısında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat təşkil edib. İstehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi isə ixrac olunub.
Sənaye zonalarının genişləndirilməsi çərçivəsində bu il avqustun 11-də Naxçıvan Sənaye Parkının təməli qoyulub.
Naxçıvan Sənaye Parkında hansı sahələr inkişaf etdiriləcək?
Naxçıvan Sənaye Parkında istehsal, emal və təkrar emal, eləcə də xidmət sahələri üzrə müxtəlif prioritet istiqamətlər müəyyənləşdirilib.
Parkda kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim və gön-dəri sənayesi, qablaşdırma, kağız və kağız məmulatlarının istehsalı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, sosial zona, idman və sağlamlıq mərkəzi, təmir emalatxanası, anbar, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.
Sahibkarlar üçün hansı güzəştlər olacaq?
Naxçıvan Sənaye Parkının əsas üstünlüklərindən biri burada fəaliyyət göstərəcək rezidentlər üçün nəzərdə tutulan güzəşt və dəstək mexanizmləridir.
Rezidentlərin dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunması nəzərdə tutulur. Buraya qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir.
Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilirlər. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqların isə ƏDV və gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulur.
Naxçıvanın coğrafi mövqeyi investorlar üçün hansı imkanları yaradır?
Naxçıvanın Azərbaycan, Türkiyə və İranla sərhəddə yerləşməsi onun sənaye və ticarət baxımından strateji əhəmiyyətini artıran əsas amillərdəndir.
Bu baxımdan Naxçıvan Sənaye Parkı yalnız yerli bazarın tələbatının ödənilməsi baxımından deyil, xarici bazarlara çıxış imkanları baxımından da əhəmiyyətli investisiya məkanı kimi qiymətləndirilə bilər.
Naxçıvanda istehsal xəttinin yaradılması sahibkarlara yerli xammal və istehsal potensialından istifadə etməklə yanaşı, qonşu ölkələrin bazarlarına çıxış imkanlarını da nəzərdən keçirməyə şərait yarada bilər.
Zəngəzur dəhlizi parkın əhəmiyyətini artıra bilər
Naxçıvan Sənaye Parkının perspektivlərini müəyyənləşdirən mühüm amillərdən biri də regionun gələcək nəqliyyat və logistika imkanlarıdır.
Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycan ərazisinin digər hissəsi ilə nəqliyyat bağlantısını gücləndirməklə yanaşı, regionun beynəlxalq nəqliyyat və logistika sistemində rolunun artmasına imkan yarada bilər.
Bu halda Naxçıvanın yükdaşımalar, anbar-logistika xidmətləri, tranzit və regional ticarət baxımından mövqeyi daha da güclənə bilər.
Naxçıvanın daha geniş regional nəqliyyat bağlantıları baxımından Orta Dəhliz üzrə formalaşan imkanları da diqqət çəkir. Çin və Mərkəzi Asiyadan Avropaya yük axınlarının Cənubi Qafqaz və Xəzər üzərindən daşınmasını nəzərdə tutan bu marşruta yeni bağlantıların yaranması Naxçıvanın logistika potensialını artırmaq imkanına malikdir.
Bu baxımdan sənaye və logistikanın bir-birini tamamlaması Naxçıvan Sənaye Parkının əsas perspektivlərindən biri kimi çıxış edir. İstehsal üçün yaradılan infrastruktur və investisiya mühiti məhsulların bazarlara daha rahat çıxarılması imkanları ilə birləşdikdə parkın regional iqtisadi mərkəzə çevrilməsi üçün zəmin yarana bilər.
Beləliklə, Naxçıvan Sənaye Parkının əhəmiyyəti yalnız yeni istehsal müəssisələrinin yaradılması ilə məhdudlaşmır. Sənaye infrastrukturu, əlverişli investisiya şərtləri, strateji coğrafi mövqe, xarici bazarlara yaxınlıq və gələcək nəqliyyat bağlantılarının bir araya gəlməsi Naxçıvanın istehsal, logistika və regional ticarət imkanlarını genişləndirə bilər.








