Naxçıvan teatrının yorulmaz tədqiqatçısı
Əli Qəhrəmanovla ilk şəxsi tanışlığım 1987-ci ilin sonlarına təsadüf edir. Həmin il Əli müəllim Daşkənddə Naxçıvan Teatrının tarixinə dair namizədlik dissertasiyasını yenicə müdafiə etmişdi. O, mənim də bu qədim sənət ocağında tərcümə əsərlərinin səhnəyə qoyulmasını tədqiq etdiyimdən xəbərdar olduğu üçün bir gün bizə gəldi. Müdafiəsini uğurla başa çatdırması münasibətilə Əli müəllimi ailəliklə təbrik etdik.
O, dissertasiya müdafiəsinin özünəməxsus çətinlikləri, gözlənilmədən ortaya çıxan problemlərinin olmasını qeyd edərək Daşkənddəki elmi mühitin, dissertasiya şurasındakı xeyirxah və qayğıkeş insanların sayəsində müdafiəsinin uğurla keçməsindən böyük razılıq və məmnunuqla söhbət açdı.
Əli müəllim mənə də dissertasiyamı tezliklə yekunlaşdırıb müdafiəmi məhz Daşkənddə etməyi məsləhət gördü. Müdafiə öncəsi prosedurlara da köməklik göstərəcəyini, hətta lazım gələrsə, birlikdə gedəcəyimizi və müdafiədə iştirak edəcəyini bildirdi.
Əli müəllimin belə bir qayğıkeş münasibəti ilk növbədə onun insani keyfiyyətlərindən – təkəbbürlülükdən, qısqanclıqdan, mənəmlikdən uzaq bir xarakterə malik olmasından xəbər verirdi. Yəni, o, həmin dövrdə muxtar respublikada sənətşünaslıq namizədi elmi dərəcəsini almış ilk və yeganə şəxs idi, həm də teatr sahəsində.
1988-ci ilin əvvəllərində, Naxçıvan Şəhər Mərkəzi Poçtamtında təsadüfi görüşümüzdə Əli müəllim bildirdi ki, onun işlədiyi Naxçıvan Regional Elm Mərkəzində bu il muxtar respublikaya həsr olunmuş elmi konfrans keçiriləcək. Burada müxtəlif sahələri əhatə edən mövzular əsasında məruzələr nəzərdə tutulub. Məndən elmi işimlə bağlı olan “Rus dramaturgiyası Naxçıvan səhnəsində” adlı 3-4 səhifəlik bir yazı hazırlayıb bir həftə ərzində ona çatdırmağımı məsləhət gördü. 4 gün sonra Naxçıvan REM-ə gedib elə birinci mərtəbədə rastlaşdığım şəxsdən Əli Qəhrəmanovun hansı tərəfdə oturduğunu xəbər alanda o, sağ tərəfdəki otağı göstərməklə özü də qapıya yaxınlaşıb onu astaca döyəcləyərək: “Partkom müəllim, qonağın var” – dedi. Mən içəri keçib görüşərkən anladım ki, Əli müəllim həm də bu mərkəzin ilk partiya təşkilatı katibidir və mənə otağı göstərən adamın ona niyə belə müraciət etdiyini soruşanda cavab verdi ki, bizim Qadir müəllimdir, Qədirzadə. Bəlkə də adını eşitmisən, qəzetdə ara-sıra məqalələri də çıxır, xətrimi istəyən adamdır, mənə həmişə belə müraciət eləyir.
Mən hazırladığım təxminən 5 səhifəlik yazımı Əli müəllimə təqdim etdim. O, öz məqalələrindən də əlavə edərək ikimizin adından bir tezis hazırlayacağını bildirdi və konfransda isə məhz mənim çıxış etməyimi məsləhət gördü. Beləliklə, Əli müəllimin sayəsində mən ilk dəfə olaraq elmi konfransın iştirakçısı oldum və məruzə etdim. Elə konfrans günü tezislərin rus dilində dərc olunduğu konfrans materialının bir nüsxəsini də təqdim etdilər (“Русская драматургия на Нахчыванской сцене” Тезисы докладов Республиканской Научной Конференции, Нахчыван, 1988 г. с.13-15).
Bir neçə ay sonra isə respublikamızda məlum ictimai-siyasi proseslərin cərəyan etməsi başlandı. Ermənistan adlı Qərbi Azərbaycandan soydaşlarımızın açıq-aşkar, quldurcasına qovulması, istehsalat müəssisələrindəki vaxtaşırı tətillər, mitinqlər, “Meydan hərəkatı” çoxları kimi mənim də gələcək planlarımı alt-üst etdi. Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutu rəhbərliyinin tapşırığı əsasında təsdiq olunacaq dissertasiya mövzumla bağlı çalışmalarımı dayandırmalı oldum.
1988-2005-ci illərdə işlədiyim vəzifələr (MR Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzində direktor müavini, Naxçıvan Dövlət Kukla Teatrının direktoru, bir müddət sonra bədii rəhbəri və direktoru, MR Nazirlər Kabinetində şöbə müdirinin müavini) məni elmi fəaliyyətdən uzaqlaşdırdı. Nəhayət, 10 illik fasilədən sonra – 2006-cı ildə, müraciətim əsasında Memarlıq və İncəsənət İnstitutunda dissertantlığım bərpa olundu. Təxminən iki il ərzində dissertasiyamı yekunlaşdırıb elmi rəhbərimə təqdim etdim.
2008-ci ilin sonunda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İ.M.Hacıyev məni bölmənin İncəsənət, Dİl və Ədəbiyyat İnstitutunda işləməyə dəvət etdi. Taleyin qismətilə 2009-cu ilin yanvar ayından həmin institutda Əli Qəhrəmanovun rəhbərlik etdiyi musiqi və teatr şöbəsinin əməkdaşı oldum. Mənim şöbədə Əli müəllimlə ilk görüşüm zamanı o, təbrik və xeyir-duasından sonra belə bir kəlmə də işlətdi: “Nəhayət ki!” Bu kəlmə onun sanki uzun illər arzuladığının həyata keçdiyini bildirən bir sevincin ifadəsi idi.
Elə ilk günlərdən Əli müəllimin təlimatları və tövsiyələri əsasında şöbənin, institutunun və ümumilikdə bölmənin iş strukturunu, fərdi iş planının, hesabatların hazırlanması forma və qaydalarını böyk qayğıkeşliklə mənə aşıladı. Sonrakı aylarda elmi jurnallar üçün hazırladığım hər bir məqaləyə diqqətlə nəzər yetirərək lazımi məsləhətlərini verdi.
Buna baxmayaraq Əli müəllim daha bir böyüklük nümunəsi göstərərək öz məqalələrini işləyərkən, yaxud yeni bir kitabını çapa hazırlayarkən məndən də bəzi məlumatları soruşub öyrənməyi normal hal kimi dəyərləndirirdi. O bunu valideynlərimin uzun illər Naxçıvan DMD Teatrında (atamın baş rəssam, anamın ədəbi hissə müdiri) işləmələri və mənim də uşaqlıq və yeniyetməlik dövrümün bu teatrda keçməsilə əsaslandırırdı. Məhz bu baxımdan 1960-cı illərdən üzübəri Naxçıvan Teatrının və onun sənətkarlarının həyatında və yaradıcılıq yollarında baş vermiş müxtəlif tarixi və əlamətdar hadisələrin yazılmamış incə məqamlarını məndən soruşmağa bü gün də üstünlük verir.
Belə bir münasibətin nəticəsidir ki, Əli Qəhrəmanov məni nəşr olunmuş bir neçə kitabında rəyçi (“Naxçıvan Teatrına aid tədqiqlər”, 2017), ön sözün müəllifi (“Naxçıvan Teatrında rejissor sənəti”, 2020) və elmi redaktor (“Naxçıvan Teatrında rəssam işi”, 2025) kimi görmək istəyib.
Möhtərəm Prezidentimizin imzası ilə qüvvəyə minən “Azərbaycan teatrı 2009-2019” Dövlət Proqramına şöbəmizin münasibətini və onun yerinə yetirilməsi gedişatını əks etdirmək məqsədilə Əli müəllimin təklifi əsasında hazırladığımız müştərək – “Dövlət proqramı Naxçıvan Teatrına yeni həyat bəxş etdi” adlı məqaləmiz AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalında də dərc olundu (2012-ci il, № 2).
2022-ci ildə isə Əli Qəhrəmanovla daha bir müştərək işimiz ərsəyə gəldi – hər ikimizin həmmüəllifi olduğumuz “Naxçıvan teatrı “Şərq qapısı” qəzetinin səhifələrində” kitabımız nəşr olundu (Naxçıvan, “Əcəmi” NPB, 2022, 160 səh.)
Bu gün də tükənməz enerjisilə elmi tədqiqatlarını davam etdirən hörmətli şöbə müdirim – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovu 80 illik yubileyi münasibətilə səmimi təbrik etməklə, yeni-yeni nailiyyətlər əldə etməsi üçün ona möhkəm can sağlığı, xoşbəxt və firavan ömür diləyirəm.
Ələkbər QASIMOV,
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu Musiqi və teatr şöbəsinin aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent








