Naxçıvanda əməyin mühafizəsi ilə bağlı təlimlər davam edir -

Naxçıvanda əməyin mühafizəsi ilə bağlı təlimlər davam edir - FOTO

06 Avqust 2025

Avqustun 6-da “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə bu dəfə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin əməkdaşları üçün “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimin məqsədi əmək fəaliyyətində iştirak edən şəxslərin sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı məlumatlılığını artırmaq, istehsalatda potensial qəza risklərinin düzgün qiymətləndirilməsi və bu risklərin aradan qaldırılması yolları üzrə bilik və bacarıqları təkmilləşdirmək olub.

Təlimdə “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının əməkdaşı Mahmud Rzalı “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib. Ardınca Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Güllü Sadiqli “Bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları” barədə geniş məlumat verib.

Təlimdə ümumilikdə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin 21 əməkdaşı iştirak edib. Praktiki yönümlü təlimdə real iş nümunələri əsasında vəziyyətlər təhlil olunub, iştirakçılarla aktiv fikir mübadiləsi aparılıb.

Naxçıvan Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilən bu cür təlimlər müəssisələrdə əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, qəza risklərin düzgün idarə olunması və təhlükəsiz istehsalat mühitinin yaradılmasına töhfə verir.