
Qız Qalasını bərpa edən şirkət Möminə Xatun türbəsini də bərpa edir - MÜSAHİBƏ
"Möminə Xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə imzalanıb".
Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan Naxçıvan-Marağa memarlıq məktəbinin nadir abidələrindən sayılan Möminə Xatun türbəsinin qorunması məqsədilə beynəlxalq səviyyədə əməkdaşlıq qurulub.
Müqaviləyə əsasən, 5 avqust 2025-ci il tarixində şirkətin işçi heyəti Naxçıvana gəlib və abidənin ətrafında infrastrukturun qurulması işlərinə başlanılıb.
"24 sentyabr 2024-cü ildə şirkət rəhbəri Erik Pumer və işçi qrupu Möminə Xatun türbəsinə ilkin baxış keçirib, ölçmə və tədqiqat işləri aparılıb", – deyə o bildirib.
Bundan sonra 13 dekabr 2024-cü ildə şirkət rəhbərliyi tərəfindən hazırlanmış plan və hesabat çap və elektron formada təqdim olunub. Hesabatda türbənin mövcud vəziyyəti ətraflı şəkildə əks olunub.
Bərpa işlərinin maliyyələşdirilməsi barədə də məlumat verən Hüseynli qeyd edib ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Xatırladaq ki, “Atelier Erich Pummer GmbH” şirkəti Almaniya vətəndaşı Erik Pumer tərəfindən təsis edilib və 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət bu müddət ərzində “Qız Qalası”, “Qoşa Qala qapısı”, “Şirvanşahlar sarayı”, “Buxara” və “Multanı” karvansaraları, eləcə də “Bəylər Məscidi” kimi bir çox tarixi abidələrin bərpasında iştirak edib.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı