Nazir: Naxçıvanda yeni filiz yataqları beynəlxalq investorlar üçün hazırlanır

Nazir: Naxçıvanda yeni filiz yataqları beynəlxalq investorlar üçün hazırlanır

25 İyul 2025

İlin sonlarına qədər həmin yataqların beynəlxalq standartlara və tələblərə uyğun hesabatının hazırlanması işləri yekunlaşacaq. Bu da yeni imkanlar yaradacaqdır ki, həmin yataqlara biz beynəlxalq investorları cəlb edək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev jurnalistlərə müsahibəsində deyib. 

O qeyd edib ki, möhtərəm Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" təyin olunub və bu il Naxçıvanda da müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də Beynəlxalq Geologiya-Mədənçilik Forumudur. Bu forum çərçivəsində aparılan müzakirələr beynəlxalq təşkilatların öyrənilməsinə və regional əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Müxtəlif ölkələrdən qeyri-hökumət təşkilatları, dövlət təşkilatlarının nümayəndələri forumda iştirak edir və düşünürəm ki, forumda aparılan müzakirələr geologiya sahəsində innovativ yeniliklərin tədbiqinə töhfə verəcək.

Nazir bildirib ki, muxtar respublikada son iki il ərzində 6 qeyri-filiz yatağı aşkar edilib, qiymətləndirmə işləri görülərək dövlət balansına alınıb:

"Əlavə olaraq filiz yataqlarında axtarış, qiymətləndirmə işləri davam etdirilir. Hansı ki bu, Nəsirvaz filiz yatağıdır. Ötən il aparılan işlərin nəticəsində sink-qurğuşun göstəricilərinə gətirib çıxarıb ki, bu göstəricilər baxıb deyə bilərik ki, həmin ərazilərdə çoxlu perspektivlər müşahidə olunub.Əlavə olaraq Xalxal sahəsində mis yataqları kəşf olunub. İlkin nəticələr göstərir ki, həmin ərazidə mis yatağının perspektivi mövcuddur.

Artıq bəzi işlərin icrasına başlanılıb. Parağaçay və Qapıcıq molibden yatağında, eləcə də Gümüşlü polimetal yatağında artıq beynəlxalq qiymətləndirmə üzrə qazmalar icra olunur və ilin sonlarına qədər həmin yataqların beynəlxalq standartlara və tələblərə uyğun hesabatının hazırlanması işləri yekunlaşacaq. Bu da yeni imkanlar yaradacaqdır ki, həmin yataqlara biz beynəlxalq investorları cəlb edək", - deyə nazir qeyd edib.