
Naxçıvanda POS-terminallardan necə istifadə olunur və hansı pozuntular müşahidə edilir?
POS-terminallar yalnız alqı-satqı əməliyyatında iştirak edən cihazlar deyil, həm də hüquqi şəffaflığın və vergi intizamının nəzarətçisi olan hüquqi nəzarət alətidir. Çünki bu cihazlar konkret tarix, zaman, məkan, ödəniş məbləği kimi məlumatları sənədləşdirir, hüquqi etibar yaradır. Nəticədə həm vətəndaşın hüquqları qorunur, həm də sahibkar üçün hesabatlılıq və qanuni məsuliyyət artır. Və bu müvafiq qanunlarla tənzimlənir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsi də açıq şəkildə tələb edir ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.
Bəs praktikada vəziyyət necədir?
Son zamanlar Naxçıvanda bəzi xəstəxanalarda, klinikalarda, gözəllik və idman salonlarında, mağazalarda, restoranlarda və digər ictimai iaşə və xidmət obyektlərində vətəndaşlardan ödənişlərin şəxsi bank kartlarına, yəni birbaşa “kartdan karta” (card to card) köçürülməsi tələb olunur. Bu cür hallar qanunvericilikdə nəzərdə tutulmuş şəffaflıq prinsiplərinin pozulmasına, eləcə də Vergi Məcəlləsinin müvafiq müddəalarının kobud şəkildə pozulmasına səbəb olur.
Vergi Məcəlləsinə əsasən, alıcıya ödənişi təsdiqləyən qəbz təqdim edilməlidir. Qəbzin ümumiyyətlə verilməməsi, ödənilmiş məbləğdən daha aşağı məbləğ göstərilməklə verilməsi, POS-terminalın quraşdırılmasının məcburi olduğu obyektlərdə bu avadanlığın olmaması və ya POS-terminal mövcud olsa belə, onun vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi hallarında vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur.
Qanunvericiliyə əsasən:
Birinci dəfə bu cür pozuntuya yol verildikdə - 1.000 manat;
İkinci dəfə - 3.000 manat;
Üç və daha çox dəfə təkrarlandıqda isə - 6.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, Naxçıvanda bəzi obyektlərdə POS-terminal quraşdırılsa belə, işçilər cihazın guya işləmədiyini bildirərək ödənişi şəxsi bank kartlarına köçürməklə tələb edirlər. Bu hal da vergi öhdəliklərindən yayınma üsulu sayılır və eyni hüquqi məsuliyyət doğurur.
Vergi orqanlarının və vətəndaşların diqqətli olması, bu cür halların qarşısının alınması və qanuni ödəniş mexanizmlərinin tətbiqi şəffaf iqtisadi münasibətlərin formalaşmasında mühüm rol oynayır.
Bəs bu sahədə hansı əməliyyat tədbirlər aparılıb?
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Vüsal Hüseynov “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində bildirib ki, 2025-ci ilin ilk 6 ayında aparılan səmərəli tədbirlər nəticəsində nağdsız əməliyyatlar üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz artaraq 592,3 milyon manat təşkil edib.
Vüsal Hüseynovun sözlərinə görə, yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ümumi dövriyyəyə effektiv nəzarətin təmin olunmasına imkan yaradıb.
2025-ci ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə isə 228,9 milyon manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artım deməkdir.
"Əgər hər hansı ictimai xidmət göstərən müəssisə POS-terminal quraşdırmayıb, nağdsız ödəniş imkanı təqdim etmirsə, yalnızca vətəndaşın istehlakçı hüquqlarını pozmur, vergi, hüquq şəffaflığını da pozur, korrupsiyaya zəmin yaradır", - deyə o qeyd edib.
Bəs bu zaman vətəndaşlar nə etməlidir?
Dövlət Vergi Xidməti bildirir ki, belə hallarla rastlaşan alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatları qeyri-anonim şəkildə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsi vasitəsilə, hətta 195-1 Çağrı Mərkəzinə zəng edərək və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə bildirə bilərlər.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı
