Mətin Abbaslı: Naxçıvanda 305 min manatlıq layihələndirmə iqtisadi yüksəlişə strateji başlanğıcdır

Mətin Abbaslı: Naxçıvanda 305 min manatlıq layihələndirmə iqtisadi yüksəlişə strateji başlanğıcdır

25 İyul 2025

Xəbər verdiyimiz kimi, İqtisadi Zonaların İnkişafı Agentliyi publik hüquqi şəxsi Naxçıvan Sənaye Parkında daxili infrastrukturun layihələndirilməsi məqsədilə tender elan edib. Layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılan vəsait 305 min manat təşkil edir. Bu addım sənaye parkının inkişafında ilkin, lakin həlledici mərhələnin başlandığını göstərir.

Mövzunu şərh edən iqtisadçı-jurnalist Mətin Abbaslı bildirib ki, layihə-smeta sənədlərinin hazırlanması istənilən iri infrastruktur layihəsinin “beyin mərkəzi” funksiyasını daşıyır:

“Əgər sənaye parkını insan orqanizminə bənzətsək, infrastruktur onun qan dövranı, layihələndirmə isə sinir sistemidir. Texniki sənədlər nə qədər peşəkar və müfəssəl tərtib olunarsa gələcəkdə icra olunacaq tikinti və istismar mərhələləri bir o qədər effektiv və qənaətli olacaq. Naxçıvanın sənaye xəritəsinə bu səviyyədə strateji yanaşma həm iqtisadi, həm də sosial baxımdan önəmlidir". 

İqtisadçı-jurnalistin sözlərinə görə, bu texniki hazırlıq yalnız tikinti üçün deyil, həm də gələcək investisiya çağırışları üçün ciddi bazadır:

“İnvestorlar artıq təkcə boş torpaq deyil, hazır sənədləşdirilmiş, mühəndis baxımından optimallaşdırılmış və riskləri azaldılmış sahə axtarır. Layihələndirmə mərhələsi bu etibarı yaratmaq üçün ilk və ən önəmli addımdır".

Mətin Abbaslı bildirir ki, Naxçıvan Sənaye Parkı kimi təşəbbüslər regionun iqtisadi muxtariyyətinə və davamlı inkişafına töhfə verə bilər. 

“Bu layihə yalnız istehsalat üçün deyil, həm də logistika, texnopark və xidmət sektoru üçün dəhşətli dərəcədə vacib baza rolu oynayacaq. Üstəlik bu cür sənaye məkanları yerli resursların, xüsusilə insan potensialının səmərəli istifadəsinə imkan yaradır. Orta və uzunmüddətli dövrdə bu cür parklar Naxçıvanın ixrac bazarına çıxışını artıracaq", - deyə o qeyd edib. 

Müsahibimiz bildirib ki, hazırda Azərbaycanın makroiqtisadi baxımdan ən mühüm çağırışlarından biri regionların potensialını milli iqtisadiyyata birləşdirməkdir. Naxçıvanda sənaye parklarının yaranması bu çağırışa konkret cavabdır. 305 min manat ilkin baxışda böyük rəqəm olmasa da, düzgün yönləndirilərsə, bu vəsait 10 milyon manatlıq real investisiyanın qapısını aça bilər. 

Naxçıvan Sənaye Parkı üçün infrastruktur layihələndirmə tenderi görünməz, lakin təməlqoyucu bir mərhələdir. Bu mərhələ uğurla başa çatarsa gələcəkdə daha böyük investisiya, iş yerləri və iqtisadi dövriyyə vəd edir.

“Əsas məsələ sənədləşməni "kağız üstündə layihə" kimi yox, gələcək real iqtisadiyyatın xəritəsi kimi dəyərləndirməkdir. Naxçıvan artıq strateji sənaye mərkəzinə çevrilmək üçün ilk konturlarını cızır", - deyə Mətin Abbaslı bildirib.

Müsahibəni hazırladı: 

Mənsurə Hümbətova