Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib -

Naxçıvanda gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib - FOTO

05 Fevral 2025

Naxçıvan Baş Gömrük İdarəsinin təşəbbüsü və iştirakı, “Cahan Şirkətlər Qrupu”nun təşkilatçılığı ilə “ENNA” MMC-də gömrük-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı gömrük əməkdaşları müəssisənin fəaliyyəti və istehsal edilən məhsullarla tanış olublar. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri, “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasov şirkətin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, “ENNA” MMC Naxçıvanda ilk dəfə enerji içkilərinin istehsalına başlayıb və bu məhsullar artıq bir sıra xarici ölkələrə ixrac olunur. Müəssisə ildə 200 milyon ədəd dəmir banka istehsal gücünə malikdir və istehsal prosesi müasir avadanlıqlarla həyata keçirilir.

Tədbir çərçivəsində gömrük əməkdaşlarına istehsal prosesinin mərhələləri barədə ətraflı məlumat verilib. Müəssisənin “Sınaq laboratoriyası”nda məhsulların keyfiyyətinə ciddi nəzarət edildiyi və Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin yoxlamalarından sonra fabrikin “Güvənli istehsal müəssisəsi” adına layiq görüldüyü qeyd olunub.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev gömrük rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi istiqamətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlər geniş müzakirə edilib.