Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib -

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib - FOTO

04 Mart 2026

Martın 4-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimi Azər Əmiraslanov – Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövləyt İdarəçilik Akademiyasının "İqtisadiyyatın dövlət tənzimlənməsi" kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru aparıb.

Azər Əmiraslanov çıxışında vurğulayıb ki, “milli iqtisadiyyat” anlayışı təsadüfi termin deyil, məqsədli şəkildə formalaşdırılmış strateji konsepsiyadır. Bu model iqtisadi suverenliyin təmin olunması, daxili resurslara əsaslanan inkişaf strategiyasının qurulması, rəqabətqabiliyyətli qeyri-neft sektorunun genişləndirilməsi və güclü institusional idarəetmə mexanizmlərinin formalaşdırılması deməkdir.

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarında çalışan 93 əməkdaşın cəlb olunduğu təlimdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri və makroiqtisadi sabitlik siyasəti milli iqtisadiyyatın fundamental əsaslarını yaradıb. Həmin mərhələdə iqtisadi sabitliyin təmin olunması dövlətçiliyin möhkəmləndirilməsi ilə paralel şəkildə strateji əhəmiyyət daşıyıb.

Çıxış zamanı Naxçıvanın dövlətçilik tarixindəki rolu xüsusi vurğulanıb. Bildirilib ki, məhz bu bölgədə dövlətçilik təməllərinin qorunması və gücləndirilməsi prosesi milli iqtisadi düşüncənin ideoloji əsaslarının formalaşmasına mühüm təsir göstərib və bu irs dərin ehtiramla yad edilməlidir.

Azər Əmiraslanov bildirib ki, uğurla icra olunan neft strategiyası ölkəyə maliyyə dayanıqlılığı qazandırmaqla yanaşı, struktur islahatlarının aparılması üçün möhkəm baza yaradıb. Bununla yanaşı, strateji baxış ondan ibarətdir ki, iqtisadiyyat bir resursdan asılı vəziyyətdə qalmamalıdır. Bu kontekstdə dövlət başçısının “öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” tezisi iqtisadi təhlükəsizliyin əsas prinsiplərindən biri kimi dəyərləndirilib. Qeyd edilib ki, son illərdə qeyri-neft sektorunun payının artması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların real nəticələrini göstərir. 2025-ci ildə ölkə üzrə 129,2 milyard manatlıq ÜDM istehsal olunması makroiqtisadi potensialın göstəricisi kimi qiymətləndirilsə də, əsas prioritetin ÜDM-in həcmi deyil, onun struktur keyfiyyətinin və dayanıqlılığının təmin edilməsi olduğu bildirilib.

Təlim zamanı vurğulanıb ki, dövlət qulluqçusunun rolu yalnız qəbul edilən qərarların icrası ilə məhdudlaşmır. Dövlət qulluqçusu iqtisadi siyasətin daşıyıcısı, ictimai etimadın təminatçısı və strateji hədəflərin həyata keçirilməsində əsas subyekt kimi çıxış etməlidir. Milli iqtisadiyyat anlayışı isə təkcə artım göstəricilərini deyil, həm də iqtisadi təhlükəsizliyin təmin olunmasını, xarici şoklara davamlılığı və daxili istehsal potensialının gücləndirilməsini əhatə edir. Qlobal çağırışlar, enerji bazarındakı dəyişkənlik və geosiyasi risklər fonunda dayanıqlı iqtisadi inkişafın yalnız şaxələndirilmiş və güclü institusional əsaslara malik sistem üzərində mümkün olduğu diqqətə çatdırılıb.

Təlim çərçivəsində iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, dövlət idarəçiliyində effektiv mexanizmlərin tətbiqi, sahibkarlıq mühitinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf perspektivləri və iqtisadi transformasiya prosesləri müzakirə olunub.

Keçirilən təlim dövlət idarəçiliyi sahəsində kadr potensialının artırılması, iqtisadi çağırışlara sistemli və strateji yanaşmanın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.