Məktəblilərin şahmat üzrə muxtar respublika birinciliyində qaliblər bəlli olub - FOTO
Naxçıvan Şahmat Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 35 məktəbli İsveçrə sistemi üzrə 7 turda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışın nəticələrinə əsasən, oğlanlar arasında Yasin Əzimov 7 xalla birinci olub. Aktivində 5,5 xal olan Fərəməz Quliyev və Rail Qasımlı yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar. Qızların mübarizəsində isə Nigar Qənbərli 4,5 xalla qalib adını qazanıb. Ayla Zamanlı 4 xalla ikinci, Xatirə Həsənli isə 3,5 xalla üçüncü yeri tutub.
Sonda ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, həvəsləndirici yerlərin sahiblərinə isə fəxri fərman təqdim olunub.










