Ali Məclisin növbəti  plenar iclası keçirilib -

Ali Məclisin növbəti plenar iclası keçirilib - FOTO

04 Mart 2026

Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş) və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifəyə təsdiq edilməsinin müzakirəsi olduğunu bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə bağlı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasın gündəliyinə daxil edilən sonuncu məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini bildirib ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi Ali Məclisə daxil olub.

Təklif oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Fərid Talətdin oğlu Bağırzadənin Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təsdiq edilməsi ilə əlaqədar” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Qəbul olunmuş qərarla Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təsdiq edilib.

Fərid Bağırzadə göstərilən etimada görə minnətdarlıq edib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini bildirib.

Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Fərid Bağırzadəni təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin iclası başa çatıb.