Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb

Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb

20 Sentyabr 2026

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 365,8 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Sənaye məhsulunun 324,5 milyon manatlıq hissəsi malların, 41,3 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,2 %-i mədənçıxarma, 83,1 %-i emal, 15 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Bundan başqa, 8 ay ərzində muxtar respublikada 286,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 4,6 % çoxdur. İstehsalın 165,4 milyon manatlıq hissəsi bitkiçilik, 121 milyon manatlıq hissəsi isə heyvandarlıq üzrə olub.

Hesabat dövründə Naxçıvanda 4,8 milyon ton yük və 32 milyon sərnişin daşınıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1,2 % və 0,9 % çoxdur.

Eyni zamanda yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 62,1 % azalaraq 9,9 milyon manat olub. Xidmətlərin 36,4 %-i qeyri-dövlət sektorunda formalaşıb.

8 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 1 il əvvələ nisbətən 7,6 % az - 137,5 milyon manat olub.