Naxçıvanda yüksək nəticə göstərən şagird və məzunlarla görüş keçirilib - FOTO
Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ali təhsil müəssisələrinə qəbul imtahanlarında ixtisas qrupları üzrə muxtar respublikada ən yüksək nəticə göstərən, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında maksimum nəticə əldə edən, eləcə də fənn olimpiadalarında I yerə layiq görülən şagird və məzunlarla görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə şagird və məzunlarla yanaşı, onların valideynləri də iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagird və məzunları qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib. Nazir qeyd edib ki, əldə olunan nəticələr şagirdlərin məqsədyönlü və davamlı əməyinin, müəllimlərin peşəkarlığının və valideynlərin dəstəyinin uğurlu nəticəsidir. Bu nailiyyətlərin Naxçıvanda təhsilin inkişafı və təhsilalanların yüksək potensialının göstəricisi olduğunu vurğulayan Elxan Nəcəfov şagirdlərə gələcək təhsil həyatlarında yeni uğurlar, qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıb.
Nazir bildirib ki, yüksək nəticə göstərən şagird və məzunların uğurları digər təhsilalanlar üçün də mühüm nümunədir. Onların qazandıqları nailiyyətlərin bundan sonra da davamlı olması, bilik və bacarıqlarını ölkəmizin inkişafına yönəltmələri arzuolunandır.
Görüş zamanı şagird və məzunların təhsil və gələcək karyera planları dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qalib şagird və məzunlara Kaital Bankın, “Sirab” ASC-nin hədiyyələri təqdim olunub, xatirə fotosu çəkdirilib.














