NDU-nun Biotexnologiya Mərkəzi yeni dövrə qədəm qoyur: İn-Vitro bitki artırma laboratoriyası gələcəyin mütəxəssislərini yetişdirir - FOTO
Naxçıvan Dövlət Universiteti biotexnologiya sahəsində elmi tədqiqatların yeni dövrünü açır. Universitetin Biotexnologiya Mərkəzinin laboratoriyası ən müasir avadanlıqlarla təchiz olunub. Bu, beynəlxalq standartlara uyğun elmi işlərin aparılmasına geniş imkanlar yaradır. Burada yüksək temperaturlu quruducu şkaflar, mikroskopik həssaslıqla işləyən laminar kabinlər, avtoklavlar və xüsusi qida mühitləri üçün hazırlanmış jel qarışıqları mühüm yer tutur. Laboratoriya, həmçinin hindistan cəvizi suyu ilə bitkilərin inkişafını stimullaşdıran yeganə universitet laboratoriyası olaraq seçilir.
Bu unikal şəraitdə biz laboratoriyada olduq və laboratoriyanın müdiri Əli Quliyev ilə səmimi söhbət apardıq. Müsahibədə əsas diqqət İn-Vitro bitki artırma üsulları, mavigilə (blueberry) bitkisinin Naxçıvan şəraitində yetişdirilməsi və tələbələrin laboratoriyada qazandığı praktik biliklərə yönəldi.
Əli Quliyev bildirdi ki, mərkəzdəki laboratoriyanın əsas məqsədi xəstəliksiz, yüksək məhsuldar bitki materialının İn-Vitro üsulu ilə artırılmasıdır. Hal-hazırda mavigilə üzərində ilkin tədqiqatlar aparılır. Məqsəd yalnız laboratoriyada çoxaldılması deyil, həm də bitkinin Naxçıvanın iqlim şəraitinə uyğunlaşmasını təmin etməkdir. Mavigilə burada təbii şəraitdə yetişmir, çünki bitki soyuğa dayanıqsızdır. Onu yalnız xüsusi şərtlərdə – yayda sərinləşdirilmiş, qışda stabil temperaturda saxlanan istixanalarda yetişdirmək mümkündür. Bu səbəbdən İn-Vitro üsul yerli şərait üçün optimal və effektiv seçimdir.
Əli müəllim, həmçinin vurğuladı ki, bu üsulla xəstəliksiz və viruslardan təmiz bitkilər əldə edilir. Bir yarpaqdan yüzlərlə, meristemdən isə minlərlə yeni bitki istehsal etmək mümkündür. Bu yanaşma tələbələrə qısa müddətdə böyük həcmdə məhsul yetişdirməyi öyrədir. Laboratoriyada hindistan cəvizi suyu və xüsusi qida mühitləri tətbiq edilir; bu mühitlər azot, fosfor, kalium, maqnezium, sink, dəmir və B qrupu vitaminləri (B1, B3, B6, B8) daxil olmaqla bütün vacib qida elementlərini ehtiva edir. Sterilizasiya prosesi avtoklavda 121 dərəcə temperatur və iki atmosfer təzyiq altında həyata keçirilir, bu da laboratoriya işlərinin tam təhlükəsiz və etibarlı olmasını təmin edir.
Magistr tələbələri laboratoriyada sıfırdan bitki inkişafını öyrənir, yarpaq və meristemdən bitki artırma, steril şəraitdə işləmə, qida mühitlərini hazırlama və İn-Vitro metodlarla məhsul istehsal etmə bacarıqlarını mənimsəyirlər. Bu təcrübələr onlara yalnız elmi bacarıq qazandırmır, gələcəkdə həm dövlət, həm də özəl sektorda yüksəkixtisaslı mütəxəssis kimi fəaliyyət göstərmək üçün zəmin yaradır.
Əli Quliyev qeyd etdi ki, İn-Vitro artırılan mavigilələrin Naxçıvanda torpaq mühitinə uyğunlaşdırılması və istixana şəraitində məhsuldar yetişdirilməsi artıq mümkündür. Məhsul yüksək keyfiyyətə malikdir, qida dəyəri zəngindir və bazar potensialı yüksəkdir. Bu isə yerli fermerlər üçün xəstəliklərə davamlı və iqlim şəraitinə uyğunlaşdırılmış bitki materialını təmin edir, xaricdən gətirilən tinglərə olan ehtiyacı azaldır.
NDU-nun Biotexnologiya Mərkəzində yetişən gənc tədqiqatçılar ölkənin elmi və iqtisadi inkişafında fəal iştirak edəcəklər. Onlar gələcəkdə biotexnologiya və aqrar sahədə peşəkar mütəxəssis kimi fəaliyyət göstərəcək, elmi bilikləri və praktik bacarıqları ilə yerli istehsalın güclənməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verəcəklər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Biotexnologiya Mərkəzində həm akademik, həm də praktik tərəfdən ölkənin öncül universitetlərindən biri olaraq yeni dövrün əsasını qoyur. Mərkəzin laboratoriyasında aparılan elmi işlər tələbələrin peşəkar inkişafını təmin edir, yerli aqrar sektorun modernizasiyasına dəstək olur və gələcəkdə uğurlu nəticələr vəd edir.
Mərkəzin müdiri Əli Quliyev və bütün laboratoriya komandası ilə tələbələrə elm yolunda uğurlar arzu edirik və ümid edirik ki, gələcək tədqiqatlar muxtar respublikada və ölkəmizin biotexnologiya sahəsinin inkişafına mühüm töhfə verəcək.
Aidə İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı










