NDU tələbələri Florensiya zəfərindən Parisə doğru
Elm yolunda atılan hər addım, bir xalqın gələcəyinə edilən investisiyadır. Müasir dövrdə beynəlxalq elmi platformalarda qazanılan uğurlar ali təhsil müəssisələrinin potensialının, elmi mühitinin və yetişdirdiyi kadrların səviyyəsinin göstəricisidir. Bu sadə, lakin dərin həqiqəti Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakultəsinin elmi-tədqiqat qrupu bir daha sübut etdi.
2026-cı il aprelin 22-si İtaliyanın mədəniyyət paytaxtı Florensiya şəhərində keçirilən nüfuzlu “Təhsil – Tədqiqat – Karyera – İnkişaf” Beynəlxalq müsabiqəsində kiçik, lakin iradəli bir komanda böyük bir qələbə qazandı.
NDU-nun “Kimya” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında bir araya gələn yeddi nəfərlik bu komanda — Kimya laboratoriyasının müdiri Pəri Hüseynova, “Kimya” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Sevda Əliyeva, o cümlədən gənc tələbələr Gülay Muradova, Sənan Zeyniyev, Aydan Rzayeva və Aylin Xəlilova “Naxçıvan Muxtar Respublikasının yeraltı sularının hidro-ekoloji göstəriciləri” mövzusunda hazırladıqları 25 səhifəlik elmi layihəni beynəlxalq münsiflər heyətinin qarşısına çıxardılar. Nəticə isə hamını heyran etdi: birinci yer, birinci dərəcəli diplomlar, qızıl medallar və Qrant Priz kuboku.
Bəs bu layihəni xüsusi edən nədir?
Yeraltı sular —Naxçıvan Muxtar Respublikası zəngin mineral suları, unikal geoloji quruluşu ilə xüsusi əhəmiyyətə malikdir. Komanda məhz bu mövzuya elmi dəqiqliklə, vətəndaşlıq məsuliyyətiylə yanaşdı. Torpağın dərinliklərindən süzülüb gələn suyun kimyəvi sirrini açdı, ekoloji portretini çizdi. Florensiyada təşkil olunan müsabiqə isə bu zəhmətin haqqını verdi.
Lakin bu qələbənin daha bir dərin mənası var. Komandanın tərkibinə nəzər yetirəndə diqqəti çəkən bir detal var: təcrübəli alimlər ilə cavan tələbələrin çiyin-çiyinə dayanması. Müəllim ilə şagird arasındakı yaranan o əvəzsiz bağ, elmin ən möhkəm körpüsüdür. Fizzə Məmmədova illər boyu kimya elmini tədris etməklə kifayətlənmədi. O, gənc nəsli öz qanadı altına aldı, onlara yalnız bilik deyil, elmi cəsarət aşıladı, beynəlxalq meydana çıxmağa ilham verdi. Bu gün Gülay Muradova, Sənan Zeyniyev, Aydan Rzayeva və Aylin Xəlilova tələbədirlər. Sabah isə onlar Azərbaycan elminin aparıcı simalarına çevriləcəklər. Florensiyadakı qızıl medal onların həyat yolunda böyük iz kimi qalacaq.
Florensiya qələbəsi bununla da bitmiş sayılmır. Laureatlar avqust ayında Fransanın paytaxtı Parisdə keçiriləcək yekun “Qrant-Qala” tədbirinə dəvət məktubu alıblar. Deməli, bu yolun sonu hələ görünmür. İndi gözlər Parisədir və biz inanırıq ki, Paris də Florensiyanın davamı olacaq.
Badəm ƏLİYEVA
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsi












