Nur paylayan ömür: Akademik Zərifə Əliyevanın  elm və vətəndaşlıq missiyası

Nur paylayan ömür: Akademik Zərifə Əliyevanın elm və vətəndaşlıq missiyası

14 Aprel 2026

Azərbaycan tibb elminin salnaməsində elə şəxsiyyətlər var ki, onların ömür yolu təkcə bir sahənin deyil, bütöv bir xalqın sağlamlıq fəlsəfəsini formalaşdırır. Bu mənada, akademik Zərifə xanım Əliyevanın adı təkcə oftalmologiya elmi ilə deyil, həm də sonsuz xeyirxahlıq və vətəndaşlıq missiyası ilə eyni sırada çəkilir. Görkəmli alim, pedaqoq və ictimai xadim kimi o, oftalmologiya elminin inkişafına mühüm töhfələr vermiş, zəngin elmi irsi ilə Azərbaycan səhiyyəsinin salnaməsində silinməz iz qoymuşdur.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. O, görkəmli dövlət və elm xadimi Əziz Əliyev və Leyla Əliyeva ailəsində dünyaya göz açmışdır. Ziyalı mühitdə formalaşması onun elmə marağının erkən yaşlardan təşəkkül tapmasına və həyatını tibbə həsr etməsinə mühüm təsir göstərmişdir.

1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olan Zərifə xanım ali təhsilini uğurla başa vurmuş, sonrakı illərdə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını artıraraq oftalmologiya sahəsində dərin biliklərə yiyələnmişdir. 1950–1953-cü illərdə aspiranturada təhsil alması onun elmi fəaliyyətinin möhkəm təməlini formalaşdırmışdır.

Alimin elmi yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. Onun elmi fəaliyyətinin mərkəzində o dövrün ən ağrılı yaralarından olan traxoma dayanırdı. O, laboratoriyalardan çıxaraq birbaşa ocaqlara gedir, insanları qaranlığa məhkum edən bu bəlanın qarşısını elmi fədakarlığı ilə alırdı. Alimin sənaye işçilərinin göz sağlığına dair tədqiqatları isə nəinki Azərbaycan, dünya oftalmologiya elmində yeni bir səhifə açdı.

Akademik Zərifə Əliyevanın zəngin elmi irsi təkcə rəqəmlərlə deyil, bu günün tibbi praktikasına verdiyi istiqamətlə ölçülür. Müəllifi olduğu 150-dən çox elmi əsər, fundamental monoqrafiya və dərsliklər onilliklər keçməsinə baxmayaraq, hələ də gənc oftalmoloqlar üçün əvəzsiz bir bələdçi, masaüstü xəzinədir.

Onun fədakar əməyi nəinki ölkəmizdə, beynəlxalq elmi mühitdə də ən yüksək zirvələri fəth etmişdir. 1981-ci ildə oftalmologiya sahəsində göstərdiyi müstəsna xidmətlərə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına nüfuzlu mükafatına layiq görülməsi, sadəcə bir alimin uğuru deyil, bütövlükdə Azərbaycan tibb elminin dünya miqyaslı təntənəsi idi. Bundan cəmi iki il sonra – 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi isə onun parlaq elmi yolunun məntiqi və layiqli zirvəsi oldu.

1969-cu ildən etibarən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərən Zərifə Əliyeva göz xəstəlikləri kafedrasında dosent və professor kimi çalışaraq elmi-pedaqoji fəaliyyəti ilə seçilmişdir. Onun dərs dediyi tələbələr və yetirmələri bu gün də onun elmi ənənələrini uğurla davam etdirirlər.

Alimin fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmamış, o, əldə etdiyi bilik və təcrübəni birbaşa tibbi praktikaya tətbiq edərək minlərlə insanın sağlamlığının qorunmasına xidmət etmişdir. Onun təşəbbüsü ilə həyata keçirilən profilaktik tədbirlər və tətbiq olunan müasir müalicə üsulları ölkəmizdə oftalmoloji xidmətin keyfiyyətinin yüksəldilməsində həlledici rol oynamışdır.

Zərifə xanım həm də milli ailə dəyərlərinin ən parlaq nümunəsi idi. O, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşı, ömür-gün yoldaşı və ailə ocağının sönməyən çırağı olmuşdur. Müasir Azərbaycanın rəhbəri, dünya miqyaslı dövlət xadimi cənab İlham Əliyevi xalqımıza bəxş edən bu nəcabətli şəxsiyyət, öz zərifliyi və mətanəti ilə Azərbaycan qadınının ideal obrazını tarixə həkk etmişdir.

Akademik Zərifə Əliyeva 1985-ci ildə vəfat etmişdir. Lakin onun zəngin elmi irsi və Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələr bu gün də yaşayır, yeni nəsil həkim və tədqiqatçılar üçün örnək olaraq qalır. Onun həyatı bir daha təsdiq edir ki, elmə sədaqət, insanlara xidmət və yüksək mənəvi keyfiyyətlər bir araya gəldikdə, zamanın sınağından çıxan böyük irs formalaşır.

Akademik Zərifə Əliyevanın adı yalnız tibb tarixində deyil, onun nuru şəfa tapmış minlərlə gözün parıltısında, yetişdirdiyi tələbələrin uğurlarında, və bütövlükdə Azərbaycan elminin və milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsi kimi daim yaşayacaq.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı