“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO
Hərbi qulluqçularımızın iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.
Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.
Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçularımızın peşəkarlığını yüksək qiymətləndiriblər.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.















