Qanunvericilikdə boşluq vardırsa, məsələnin hüquqi taleyi necə olacaq? -

Qanunvericilikdə boşluq vardırsa, məsələnin hüquqi taleyi necə olacaq? - HÜQUQ MƏSLƏHƏTİ

01 Oktyabr 2026

Sual: Qanunvericilikdə boşluq vardırsa, məsələnin hüquqi taleyi necə olacaq?

Cavab: Qanunvericilikdə boşluq konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normasının olmamasıdır. Bu halda əvvəlcə qanunun analogiyasından istifadə olunur. Yəni konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda isə hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

Qeyd etmək lazımdır ki, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı