Rəmiş haqqında...
Öz əyninə biçib, geyindiyi azadlığı ilə hamıdan seçilən Rəmiş.
Bəlkə də çoxu məni qınayacaq ki, o boyda el sənətkarının ancaq sərbəstliyi hamıdan seçilirdi məyər, onun ifasının dünyada tayı-bərabəri olmayıb axı. Mənsə düşünürəm ki, ifası elə Rəmişin özüdür, sərbəstliyi, azadlığı isə hamıdan fərqlənən xüsusiyyəti. Olduğu kimi görünməyənlərə tərs şapalaq idi Rəmişin azadlığı.
Aqil Abbas “Rəmiş” povestində yazır:” Belə bir söz var, sənin azadlığın mənim azadlığım başlayanda qurtarır. Rəmişin azadlığı heç kimin azadlığının başladığı yerdə qurtarmadı.” Həddim olmasa da, əlavə olaraq bir fikrimi yazacağam – Elə hamının azadlığı Rəmişin ifası ilə başlayırdı. Rəmişi dinləyəndə ruhumuz bəzəkli-düzəkli həyat qəfəsindən pərvazlanıb, azad olur.
Bir dəfə gözəl bölgələrimizdən biri olan Şəmkirin qəsəbələrinin birində keçirilən bir toy məclisində idik. Toyun ən qızğın vaxtında birdən mağarda xüsusi bir canlanma hiss olundu. Pıçhapıçdan qulaq batırdı:”Rəmişşşş?”, “Bax, Rəmiş gəlir toya”, “Bu Rəmişdi kiiii?”, “AZ, həəə, Rəmişin özüdür”... Mağar yol qırağında qurulduğundan musiqi səsi hər tərəfə yayılmışdı. Başqa bir məclisə xüsusi dəvətlə aparılan Rəmiş bu kasıbyana mağarı görüb, maşını saxladır ki, bəs biraz acmışam, düşək məclisdə bir qismət çörək yeyək, gedək.
O, mağara girəndə pıçıltı dalğaları ilə coşan məclisə qəribə bir süküt çökdü. Toy yiyəsi, arıq, çəlimsiz ata yaxınlaşıb çağrılmamış şərəfli qonağına “Xoş gəldiniz”-deyir və yuxarı başda yer göstərir. Əlini atanın çiyninə qoyan Rəmiş deyir:”ƏƏƏ..., sənin bir suyun lap maa oxşuyur ki”. Göstərilən masaya tərəf ötəri baxıb:” Havayı yeməhlə işim olmaz, gərək biləyimin haqqı ilə qazanam.” – deyir və keçir bayaqdan ayaqüstə dayanan musiqiçilər tərəfə. Gitaraçalan biixtiyar gitarasını uzadır Rəmişə. Adəti üzrə alətin simlərinə özünəməxsus toxunuşlar edərək, başlayır ifasına. Başlayır nə başlayır, ruhları yerindən oynadır.
Bayaqdan ağız deyəni qulaq eşitməyən toyxanaya Rəmiş sakitliyi çökmüşdü. Bir dizini azca qatlayıb, gözünü yumub, sağ qulağını gitaraya tərəf əyən Rəmiş isə yenə də mələklərlə qılınclaşırdı. Qılıncının səsi isə hamını bu dünyadan qoparmışdı. Pullar yağış kimi yağırdı mağara. Yeri-göyü lərzəyə gətirən ifasından oyun havalarına keçid edəndə isə hamı qol qaldırıb oynamağa başladı: Ölüsü düşən, dərdi olan, fikir çəkən – hamı ortadaydı. Hətta kasıb toylarına xüsusi diqqət görmək üçün təşrif buyursa da, rəqs etməyi özünə ar bilən bəzi imkanlı “kişi”lər də xalqa qarışmışdı. Rəmiş ifasıyla birləşdirmiş, bərabərləşdirmişdi hamını.
İki saata yaxın davam edən ifasından sonra süfrə arxasına keçəndə, onunla gələnlərdən kimsə deyir:” Rəmiş, biz başqa məclisə də çatmalıyıq axı ora dəvətliyik. Bəlkə gedək?”. Onun simasına sərt baxış atan Rəmiş qayıdasan ki:” Ə..., Allah bilir orda sırfada halal yeməy olajax ya haram. Amma burda nağdı bilirik ki, halaldı. Oturun çörəymizi yeyəy, gedəriy.”
Hazırlaşıb getmək istəyəndə ev yiyəsi bayaq səpilən pulları un xaşalarına yığıb gətirir ki, bu sizə çatacaq. Kisələrə heç gözucu da baxmayan Rəmiş balaca bəyin başını sığallayaraq atasına:” Rəmiş əmisinnən hədiyyə olsun buna.”- deyir və gəldiyi maşına oturur.
Bu toydan 10-15 il keçməsinə baxmayaraq hələ də Rəmişin bu səxavətini, mərdliyini hamı danışır. Necə ki, dastanlar, əfsanələr dildən dilə dolaşıb, bu günümüzə çatıb, eləcə də Rəmişin cəsarəti haqqında da gələcəyə hekayələr, dastanlar ötürüləcək. Bunlardan biri, bəlkə də birincisi Aqil Abbasın “Rəmiş”i oldu.
Kitabın təqdimat günündə Aqil Abbas dedi:” Roman yazmaq istəyirdim, amma fikirləşdim uzun olacaq, kim oxuyacaq ki, hamı kitabdan qaçaq düşüb. Ona görə povest yazdım ki, həcmi az olsun, heç olmasa oxusunlar.”
Mən də deyirəm ki, Aqil müəllim, Allah can sağlığı qismət eləsin sizə, ömür vəfa etsin, Siz Rəmişin romanını da yazın, dastanını da. Vallah oxuyan tapılacaq. Bir tərəfdə Rəmişin ifası, digər tərəfdə də sizin dastanınızın vəhdətindən yaranan segahın bəxş elədiyi ruhi sərbəstliyi çoxu dinləmək istəyər.
Yazın! Yazın ki, hamı heç olmasa biraz Rəmiş azdlığını dadsın.
Pərvanə EYVAZQIZI









