“Rhenus Group” ADY ilə beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" ADY-yə istinadən xəbər verir ki, COP29 çərçivəsində ötən gün başlamış müzakirələr noyabrın 21-də davam etdirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov “Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzrə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.
Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyalarının azaldılması əsas çağırışlardan biridir və bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.
T. Bartz “Rhenus Group” şirkətinin beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektor üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.