Saxta sosial media hesabından təhqirə görə məsuliyyət var? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sosial şəbəkələrdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atmış və ya təhqir etmiş şəxsin hərəkətləri ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmuşdur?
Cavab: ilk öncə bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur.
Belə ki, İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli tərəfindən cavablandırıldı.








