Süni zəka: Bizə zaman qazandıran yaxın köməkçi
Elə dövrə gəlib çatmışıq ki, az qalırıq çörəyə əl basıb deyək ki, "bu nemət haqqı mənim yazım özümə məxsusdu, süni intellekt yazmayıb”. Kimin nə düşündüyünü düşünməyə vaxtımızın olmadığı zaman darlığında yaşayırıq. Yenə güclüyük, yenə istedadlıyıq, yenə bacarıqlıyıq, ilham pərilərimiz də maşallah olsun işlədir bizi.
Ancaq qəbul etmədiyimiz bir nüans var, biz artıq yetərincə sürətli deyilik. Texnologiya, robotlar, rəqəmsallaşma və sair, və sair əsrində yaşayırıq. Hər gün bir texnoloji yeniliklə qarşılaşırıq. Biz hansısa beyinlərin yaratdığı məhsulu öz xeyrimizə istifadə etmək yerinə mənfi emosialara qapılıb: "süni zəka bizi sıxışdırıb çıxaracaq, biz bu gedişlə işsiz qalacağıq” deyirik. Lakin bu beynimizi yoran məsələnin kökünə nəzər saldıqda, bir az araşdırma edib, düşüncələrimizdə dəyişim etdikdə aydın olur ki, süni intellekt insanı əvəz edən müstəqil iradə deyil. Özünüdərkin, ideyanın imkanlarını genişləndirən, eyni zamanda ideyanı sürətlə məhsula çevirən müasir çevik mexanizmdir.
Çoxlarımız yaşlılarımızın təbirincə desək bu “şeytan işinin” bizim həyatımıza gəlməsi üçün hansı proseslərdən keçdiyini hardan başlayıb, necə inkişaf etdiyini bilmir. Mən də bilmirdim.
Araşdırdım, oxudum və toplayıb məlumatlandırmağı özümə vəzifə də bildim.
Bu texnologiya təbii ki, bir gecədə yaranmayıb. Hər şey 1950-ci ildə ingilis riyaziyyatçısı Alan Türingin "Maşınlar düşünə bilərmi?" sualı və məşhur "Türing testi" ilə başlayıb. Rəsmi olaraq isə 1956-cı ildə ABŞ-də keçirilən Dartmut konfransında Con Makkarti, Marvin Minski, Nataniyel Roçester və Klod Şennon kimi alimlər tərəfindən "Süni intellekt" termini elmə gətirilib. Məqsəd insanın günlərlə vaxtını alan mürəkkəb riyazi hesablamaları və böyük məlumatları maşınlara həvalə etmək olub. İbtidai şahmat gedişləri ilə başlayan bu səyahət bugünkü qlobal texnoloji ekosistemin təməlini qoyub. Bax belə. Məqsəd bu qədər sadədir. İnsan işinə yarasın deyə süni zəkanı yaradıb. O dövrdə bir qədər kiçik işlər həvalə edilən süni intellekt indi dünya mediasının və böyük sənayenin əsas aparıcı ancaq idarəedilən qüvvəsidir. İdarəedilən bəli. Çünki ideya bizimdi, məhsul bazası yəni xammal bizimdi, əmrləri biz veririk və icra edən yəni süni zəka sadəcə çevik təqdimata malikdi. Artıq qlobal miqyasda Reuters və Associated Press kimi xəbər nəhəngləri maliyyə hesabatlarını və idman nəticələrini Wordsmith və Reuters Lynx Insight alqoritmləri ilə anında analitik xəbərə çevirir. Qardaş Türkiyənin TRT World, NTV, CNN Türk kanallarında isə avtomatik sinxron subtitrlar, canlı səsli tərcümələr və AI aparıcılar artıq gündəlik efir reallığıdır.
Ölkəmizdə də vəziyyət oxşar istiqamətdə inkişaf edir. Azərbaycanda həm sadə istifadəçilər, həm də peşəkar mühit arasında ən geniş yayılan model ChatGPT, ardından isə Google ekosisteminə inteqrasiya olunmuş Gemini-dir. Xüsusilə media və redaksiya işlərində jurnalistlər saatlarla davam edən səs yazılarını anında mətnə çevirmək, analitik verilişlərin titr, subtitr və sual paketlərinin ilkin şablonlarını hazırlamaq və xarici bülletenləri tərcümə etmək üçün süni intellektdən istifadə edirlər. Bu da iş prosesindəki vaxt itkisini 3-4 dəfə azaldır və operativliyi təmin edir. Bu zaman da jurnalistlər araşdırmalara daha çox vaxt ayıra bilir.
Süni zəkanın təsiri yalnız böyük media və ya texnologiya şirkətləri ilə məhdudlaşmır əlbəttə ki, o həm də sadə vətəndaşın gündəlik həyatına, sağlığına və iqtisadi imkanlarına birbaşa toxunur.
Bu gün sıfırdan biznes qurmaq istəyən bir gənc ChatGPT vasitəsilə bazar araşdırması aparır, Midjourney ilə brendinin logosunu hazırlayır və DALL-E ilə məhsul qablaşdırması dizayn edir. Maliyyə və investisiya sahəsində isə AI alqoritmləri böyük bazarlardakı riskləri anında analiz edərək kiçik və orta sahibkarlara doğru addım atmaqda bələdçilik edir.
AlphaFold tibb elmində inqilab edərək, biologiyanın 50 illik ən böyük tapmacasını - zülalların bükülməsi problemini həll edib. DeepMind tərəfindən yaradılan AlphaFold Protein Structure Database vasitəsilə dünyadakı milyonlarla alim 200 milyondan çox zülal strukturuna tamamilə pulsuz çıxış əldə edib.
Fərdi səviyyədə isə süni intellekt köməkçiləri şəxsi həyat tərzinə uyğun idman proqramları tərtib edir, günlük kalori balansını izləyir, mənəvi yorğunluq hiss edən şəxslərə müsbət düşüncə vərdişləri aşılayan motivasiyaedici proqramlar tərtib edir.
Soyuducuda bir neçə ərzaqla nə bişirəcəyini düşünən bir anaya anında dadlı menyu tərtib etmək, aylıq ailə büdcəsini hesablayıb qənaət yollarını tapmaq və ya uşaqlar üçün xüsusi öyrədici nağıl uydurmaq artıq bir neçə saniyənin işidir.
Tarixi faktları, qlobal təcrübələri və gündəlik həyat nümunələrini bir araya gətirəndə aydın olur ki, istər səhiyyədə, istər biznesdə, istərsə də redaksiya masasında süni zəkanın rolu eynidir: o, insan təfəkkürünü əvəz etmir, onun imkanlarını artırır və sürətli bitən işin ardından ona asudə vaxt yaradır. Burda “suni zəka alətləri səhv yazır çox məlumatı “ deyən və ya bunun kimi digər düşüncələri olanlara da kiçik bir nüansı qeyd edim ki, bütün bu sürət maşınları özləri süni intellekt olduqlarını və səhv edəbiləcəklərini xatırladırlar hər dəfəsində bizə.
Rəssamın daxili dünyası, hissləri və zövqü olmadan əlindəki ən baha fırçanın heç bir dəyəri olmadığı kimi, insanın analitik baxışı, canlı emosiyası və orijinal ideyası olmadan da süni zəka yalnız soyuq kod yığınından başqa bir şey deyil. Yenilikdən çəkinmək və ya onu lazımsız görmək yerinə, öz dərin bilik və təcrübəmizi texnologiyanın sürəti ilə birləşdirib keyfiyyətli nəticə almaq əsas hədəfimiz olmalıdır.
Dövrümüz bunu tələb edir çünki. Biz dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin dövründə yaşamırıq deyək : “Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz”.
İndiki dövrün reallığı: dünyaya ölkə olaraq müasir texnoloji yeniliklər təqdim edən perspektivli Azərbaycanıq. Daha əcnəbilərə qiptəylə baxmırıq, əksinə əcnəbilər bizimlə əl sıxışmaq üçün yarışır. Ona görə ki, yeniliyi, dürüstlüyü, təhlükəsizliyi, innovasiyanı əsas götürüb, çevik düşünüb gerçəkləşdirməyi prinsipimiz etmişik. Sözümün canı odur ki, insan yenə yaradıcıdır. İnsanın analitik baxışı və canlı emosiyası var. Əslində ChatGPT və ya digərlərindən istifadə edərək işi daha tez və asan bitirib, bir fincan da çay içib söhbət etməyə zamanımızın olmasının nəyi pisdir? Ona görə də ağıl, ruh və ideya insana, sürət və rahatlıq isə texnologiyaya məxsusdur deyək və süni zəkadan özümüzü “reklam” etmək üçün deyil, özümüzü inkişaf etdirmək üçün istifadə etdiyimizi də etiraf etməkdən çəkinməyək.
P.S - “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da” - Nizami Gəncəvi
Əfruz İBRAHİMQIZI
Jurnalist








