Şuşakənd ilk əsgərini qarşıladı

Şuşakənd ilk əsgərini qarşıladı

05 Yanvar 2026

Xocalı rayonunun Şuşakənd kəndi ilk əsgərini qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.

Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb.

Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb.

Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi yaddaşlara yazıldı.