Təhsil Nazirliyinin Kollegiya iclası keçirilib - FOTO
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Kollegiya iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda Təhsil Nazirliyinin əməkdaşları, şəhər və rayon təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar, peşə təhsili müəssisələrinin, eləcə də ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov çıxış edərək təhsil sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet vəzifələr barədə məlumat verib.
İclasın gündəliyinə 2025–2026-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin məzunlarının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulunun nəticələri, dövlət nümunəli təhsil sənədlərinin verilməsi, həmçinin fənn olimpiadaları və müsabiqələrin yekun nəticələrinin müzakirəsi daxil edilib.
Gündəlikdəki birinci məsələ ilə bağlı Məktəbəqədər və ümumi təhsilin idarəedilməsi şöbəsinin müdiri Elşən Qəbulov məruzə ilə çıxış edərək məzunların ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəriciləri barədə məlumat verib. Daha sonra Strateji planlaşdırma və daxili nəzarət şöbəsinin müdiri Məmməd Bayramov dövlət nümunəli təhsil sənədlərinin verilməsi, Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov isə fənn olimpiadaları və müsabiqələrin yekun nəticələri haqqında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qəbul olunan qərarlar nazir müavini Əli Vəliyev tərəfindən Kollegiya üzvlərinin diqqətinə çatdırılıb.
İclasın sonunda cari məsələlər müzakirə olunub. Təhsil naziri Ovni Muradov təhsil müəssisələrinin rəhbərlərinə tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili, şagirdlərin fənn olimpiadaları və müxtəlif müsabiqələrdə iştirakına marağın artırılması, eksternat imtahanlarının şəffaf və obyektiv keçirilməsi, eləcə də digər aktual məsələlərlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.
Kollegiya iclasında müzakirə olunan məsələlərin icrasının təmin edilməsi və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar müəyyənləşdirilib.















