Azərbaycanda bu il qeydə alınmış kiberhücumların sayı açıqlanıb
Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox "web defacement" və DDoS hücumu müəyyən edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, hınçu 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb: "Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bununla yanaşı, əsas hədəfimiz yalnız təhdidlərin aşkarlanması deyil, onların qarşısının qabaqcadan alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir".
S. Əsədov bildirib ki, bu istiqamətdə hüquqi baza da ardıcıl olaraq təkmilləşdirilməkdədir: "2024-cü ilin 14 iyul tarixli qanunu ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin, Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Kibertəhlükəsizliyin təmin edilməsində texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı da mühüm rol oynayır".








