Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib

11 Yanvar 2026

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin "Somalilənd" bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.

İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.

Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.

İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.