İlham Əliyev: Kəlbəcər dağlarından elektrik xətlərinin çəkilməsi təkcə texniki yox, həm də qəhrəmanlıq nümunəsidir
Kəlbəcər dağlarından elektrik xətlərinin çəkilməsi təkcə texniki yox, həm də fədakarlıq və qəhrəmanlıq nümunəsidir. Ağır iqlim şəraitində yolların, körpülərin və uzunluğu 70 kilometrə çatan tunellərin inşa edilməsi enerji infrastrukturunun qurulmasında mühüm mərhələ olub.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində energetika sahəsinə dair mühüm və strateji əhəmiyyət daşıyan fikirlər səsləndirib.
Dövlət başçısının açıqlamaları xüsusilə energetiklər, enerji planlaşdırılması və infrastrukturun inkişafı ilə məşğul olan mütəxəssislər üçün yol xəritəsi xarakteri daşıyır.
Dövlət başçısı vurğulayıb ki, azad edilmiş bütün ərazilər mərkəzi enerji infrastrukturu ilə tam şəkildə birləşdirilib və ölkədə dairəvi enerji sistemi formalaşdırılıb. Artıq enerji axını yalnız mərkəzdən bölgələrə deyil, əksinə, bölgələrdən mərkəzə də yönəlir. Son beş ildə azad edilmiş ərazilərdə ümumi gücü 307 meqavat olan su elektrik stansiyalarının yaradılması bu imkanları formalaşdırıb. İstehlakın nisbətən aşağı olması isə enerji balansının çevik şəkildə tənzimlənməsinə şərait yaradır.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda əsas vəzifə enerji mənbələrinin qəbuletmə imkanlarını genişləndirməkdir. Mövcud planlara əsasən, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisinin ölkənin enerji sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu həcmi “həzm etmək” üçün enerji şəbəkəsinin gücləndirilməsi vacibdir və bu proses beynəlxalq terminologiyada “Energy Grid” adlanır.
Bununla paralel olaraq, enerji sistemində batareya saxlanc texnologiyalarının tətbiqi də prioritet elan edilib. Prezident bildirib ki, ilkin mərhələdə investor marağı zəif olduğundan dövlət xətti ilə 250 meqavat gücündə batareya sistemlərinin quraşdırılmasına başlanılıb və bu həcmin artırılması planlaşdırılır. Qısamüddətli məqsəd isə 8 giqavat gücündə enerji potensialının formalaşdırılmasıdır.
Dövlət başçısı qeyd edib ki, bu istiqamətdə artıq memorandumlar deyil, konkret kontraktlar imzalanıb və bu sənədlər hüquqi öhdəlik yaradır. Nəticə etibarilə, enerji istehsalında istifadə olunan təbii qaza qənaət ediləcək, qənaət olunan qaz isə ixrac imkanlarını genişləndirəcək. Bunun üçün qaz infrastrukturunun həm ölkə daxilində, həm də xaricdə genişləndirilməsi həyata keçirilir.
Prezident İlham Əliyev Azərbaycanın təmiz enerjinin ixracı istiqamətində də iddialı planlara malik olduğunu bildirib. Qara dəniz kabel layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır. Eyni zamanda, Qazaxıstan və Özbəkistan ilə Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi barədə razılaşma əldə olunub və hazırda texniki-iqtisadi əsaslandırma mərhələsi davam edir.
Alternativ variant kimi, istehsal olunan enerjinin ölkə daxilində istehlakı da xüsusi vurğulanıb. Prezident qeyd edib ki, süni intellekt və data mərkəzləri ən çox enerji tələb edən sahələrdir və nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə də yaxın regionda Azərbaycanın malik olduğu səviyyədə sərbəst enerji gücü olan ikinci ölkə yoxdur. Azərbaycan həm enerji istehsal edir, həm daxili tələbatı ödəyir, həm də qaz, neft və elektrik enerjisini ixrac edir.
Sonda dövlət başçısı vurğulayıb ki, bu gün enerji sahəsinə sərmayə qoymaq istəyən şirkətlərin sayı çoxdur, lakin mövcud enerji mərkəzləri bu həcmi tam qəbul etmək gücündə deyil.
"Buna görə də “Energy Grid” sisteminin elə gücləndirilməsi hədəflənir ki, gələcəkdə təkcə 8 deyil, hətta 20, 30 və 40 giqavat enerji gücünü qəbul edib ötürmək mümkün olsun", - deyə ölkə başçısı bildirib.








