Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasında geniş rezonans doğurub

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasında geniş rezonans doğurub

07 Yanvar 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə beynəlxalq media məkanında geniş maraqla qarşılanıb. Dünyanın aparıcı media qurumları dövlət başçısının müsahibədə səsləndirdiyi əsas mesajları və mühüm siyasi mövqeləri diqqət mərkəzinə çəkiblər.

Türkiyənin nüfuzlu televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının əhəmiyyəti, eləcə də Azərbaycan–Türkiyə müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı fikirlərini geniş şəkildə işıqlandırıblar. Türkiyə mediası, eyni zamanda, Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafına dair prinsipial mövqeyinə xüsusi diqqət yetirib.

Gürcüstan mediası da Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə yayımlayıb. “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” informasiya portalları, həmçinin “1tv.ge” televiziya kanalı və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə materiallar dərc edib.

Rusiyanın və Çinin aparıcı media orqanları – “Sinxua”, “RIA Novosti”, “TASS”, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri və “360” televiziya kanalı yayımladıqları xəbərlərdə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi, Azərbaycanın tranzit imkanları və regional iqtisadi əlaqələrə dair açıqlamalarına yer ayırıblar.

Bununla yanaşı, “Reuters” agentliyi, ABŞ-ın “US News”, “The Straits Times”, “Econotimes” qəzetləri, “Global Banking and Finance” nəşri, eləcə də ərəb mediasından “əş-Şarq əl-Avsət”, “əl-Qüds əl-Arabi” və beynəlxalq analitik portal “Al-Monitor” Prezident İlham Əliyevin Yaxın Şərqdəki proseslərlə bağlı mövqeyini əks etdirən materiallar yayımlayıb.

Xəbərlərdə dövlət başçısının “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” fikri xüsusi vurğulanıb. Prezident İlham Əliyevin Azərbaycan hərbçilərinin ölkə hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirdiyi qeyd olunub. Dövlət başçısının yanlış məlumatları təkzib edən açıqlamaları sitat gətirilib.

İspandilli “Democrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “Itongadol”, “Infobae”, beynəlxalq iqtisadiyyat portalı “Investing.com”, İsrailin “The Jerusalem Post”, “Israel Hayom”, “The Times of Israel” qəzetləri, rusdilli “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri və Yunanıstanın “Skai” internet resursu da Prezident İlham Əliyevin Yaxın Şərqdəki münaqişələrə dair fikirlərini yayımlayıb.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən əsas məqamlar Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarında dərc olunan materiallarda da geniş şəkildə əksini tapıb.

Xosrov İBRAHİMOV