Xocalı: Tarixin qanlı yaddaşı və müasir dövrün siyasi dərsləri
XX əsrin sonlarında Azərbaycanda baş verən hadisələr təkcə regional münaqişələr deyil, həm də beynəlxalq hüquq, humanitar dəyərlər və insanlıq anlayışı üçün ciddi sınaq oldu. Bu hadisələr sırasında Xocalı faciəsi təkcə bir şəhərin taleyi deyil, bütövlükdə insanlığın vicdanına yönəlmiş ağır zərbə kimi tarixə düşdü. Xocalı hadisələri yalnız bir gecənin qanlı salnaməsi deyil. Bu, uzun illər davam edən işğal siyasətinin, etnik təmizləmə cəhdlərinin və beynəlxalq hüququn selektiv tətbiqinin acı nəticəsi idi. Bu hadisənin mahiyyəti yalnız tarixi faktların sadalanması ilə bitmir; onun nəticələri bu gün də regionun siyasi münasibətlərində, informasiya müharibəsində və kollektiv yaddaş siyasətində özünü göstərir. Müasir dövrdə Xocalı hadisələrinə baxış artıq yalnız xatirə və yas kontekstində deyil, həm də hüquqi, siyasi və informasiya təhlükəsizliyi aspektindən aparılır. Tarix göstərir ki, yaddaş qorunmadıqda ədalət zəifləyir. Buna görə də Xocalı mövzusu yalnız keçmişi anmaq deyil, həm də gələcəyi qorumaq məsələsidir.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli qətliamlardan biridir. Qabaqcadan hazırlanmış plana əsasən, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanıs Ayrım kəndinin mülki əhalisinin bir hissəsinə və Qarabağın azərbaycanlı kəndlərinə – İmarət Gərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinə qarşı xüsusi amansızlıqla qətliamlar həyata keçirilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində 80-dən çox azərbaycanlı kütləvi şəkildə qətlə yetirilib.
Fevralın ikinci yarısından başlayaraq Xankəndindən 10 kilometr cənub-şərqdə, Ağdam–Şuşa və Əsgəran–Xankəndi yolları arasındakı strateji nöqtədə, Qarabağda yeganə aeroportun yerləşdiyi Xocalı tamamilə erməni hərbi birləşmələri tərəfindən mühasirəyə salınıb. Mülki əhalinin qrup halında və ya təkbaşına mühasirədən çıxmaq cəhdlərinin qarşısı alınıb.
Bu gün dünya ərazi iddialarında ifadə olunan təcavüzkar erməni separatizmi, soyqırım, terror, deportasiya yolu ilə həyata keçirilən yad torpaqların zəbt edilməsi kimi təhlükəli hadisə ilə üz-üzədir. XIX əsrdən başlayaraq erməni şovinist millətçiləri Azərbaycan xalqına qarşı vaxtaşırı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Çoxsaylı tarixi sənədlərin sübut etdiyi kimi, 1905–1907, 1918–1920, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlı etnik təmizləməyə, kütləvi qırğına və soyqırımına məruz qalıb. Bu proses Rusiya imperiyası tərəfindən başlanıb və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi ilə müşayiət olunub. 1988-1989-cu illərdə Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən çox azərbaycanlı sonuncu nəfərə qədər deportasiya edildi. Bu, Qarabağ münaqişəsinə təkan verdi. Sovet dövründə azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salınması siyasəti davam etdirilsə də, kommunist rejimi millətlərarası münasibətlər sahəsini öz nəzarətində saxlaya bildi. Qarbaçovun yenidənqurması milli prosesləri aktivləşdirdi. Bu dövr, məlum olduğu kimi, milli məsələnin kəskinləşməsi ilə xarakterizə olunurdu.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı öz doğma torpağının müdafiəsinə qalxan xalqımızın əzmini darmadağın etmək, onların döyüş ruhunu sarsıtmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək məqsədi ilə həyata keçirilən silsilə qətillərdən biridir. Bunu Xocalı faciəsindən təxminən ay yarım sonra, aprelin 8-də Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı əvvəlcədən planlaşdırılan qırğın aktı nəticəsində uşaq, qadın və qocalar da daxil olmaqla 67 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirilməsi, kəndin tamamilə yandırılması, onlarca insanın girov götürülməsi faktı da bunu təsdiq edir. Bunun davamı olaraq 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət - insanların kütləvi şəkildə qətlə yetirilməsi törədildi. Nəticədə Azərbaycan vətəndaşı olan 24 mülki şəxs amansızlıqla qətlə yetirildi, o cümlədən 6 azyaşlı uşaq, o cümlədən altıaylıq körpə, azyaşlı 3 uşaq hər iki valideynini itirdi. Öldürülən mülki şəxslərin bəzilərinin cəsədləri yandırıldı. Ballıqayada hətta 93 yaşlı. Ümumiyyətlə, burada öldürülənlərin əksəriyyəti uşaq, qadın və qocalar idi.
Xocalı hadisələrinə hüquqi baxış
1992-ci il fevralın 25-dən 26-na keçən məşum gecədə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək, görünməmiş qəddarlıqla repressiyalar həyata keçirib, şəhər yer üzündən silinib. Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət nəticəsində 613 dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib. Bundan əlavə, 487 mülki şəxs ağır yaralanıb, 1275 nəfər girov götürülüb. 68 qadın və 26 uşaq daxil olmaqla 150 girovun taleyi naməlum olaraq qalır. Bunlar sadəcə acınacaqlı statistikadır, lakin bu rəqəmlərin arxasında bütün Azərbaycan xalqının faciəsi dayanır.
Bu gün artıq danılmaz faktdır ki, 34 il əvvəl Xocalı şəhərində törədilmiş soyqırım aktının əsas təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, Ermənistan silahlı qüvvələri və 366-cı motoatıcı alayın şəxsi heyətidir. Onların hərəkətləri insan hüquqlarının kobud şəkildə pozulması, Cenevrə Konvensiyaları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Fövqəladə Hallar və Silahlı Münaqişələr zamanı Qadın və Uşaqların Müdafiəsi haqqında Bəyannamə və digər beynəlxalq hüquq aktlarına məhəl qoymamaq kimi qiymətləndirilir. Xocalı soyqırımı öz qeyri-insani qəddarlığı ilə Ukrayna, Gürcüstan, Rusiya, İngiltərə, Fransa, Almaniya, ABŞ, Baltikyanı ölkələrin, Polşa, Türkiyə və digər dövlətlərin jurnalist və publisistlərini dəhşətə gətirib. Həmin günlərdə bu vəhşiliklərin qeyri-insaniliyini təsvir edən xarici qəzetlər belə yazırdılar: “Croix l'Evenement” jurnalı (Paris), 25 mart 1992-ci il: “Ermənilər Xocalı ərazisinə hücum etdilər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar min nəfərin öldürülməsindən danışır”. “The Sunday Times” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri yüzlərlə ailəni qətlə yetirdilər”. “Financial Times” (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama doğru hərəkət edən qaçqınlar kolonunu atəşə tuturlar”. “The Times” (London), 4 mart 1992: “Çoxları şikəst edildi və bir balaca qızın yalnız başı qaldı”. “İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Yaşlı bir qadının üzünün yarısı kəsilmişdi. Kişilərin baş dərisi soyulmuşdu”. “Le Monde” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda xarici jurnalistlər Xocalıda qətlə yetirilən qadın və uşaqlar arasında başlarının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç qadın və uşaq gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. “İzvestiya”, 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: “Mən özüm təpədə yüzə yaxın meyit görmüşəm. Bir oğlanın başı yox idi. Hər yerdə qadınların, uşaqların, qocaların xüsusi amansızlıqla qətlə yetirilən meyitlərini görmək olardı”…
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası onların BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş qaydalara tam uyğun olduğunu təsdiq edir. Məhz bu ərazidə yaşayan əhalinin azərbaycanlı olduqları üçün tamamilə məhv edilməsi məqsədi ilə əvvəlcədən planlaşdırılmış kütləvi və amansız repressiya aktı həyata keçirilmişdir.
Sual yaranır: nə üçün Xocalı soyqırımı eləcə də bütövlükdə Qarabağ məsələsi dünya birliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında hələ də öz həllini tapmayıb? Axı Xocalıda törədilmiş dəhşətli cinayətin xarakteri və miqyası göstərir ki, onun törədilməsi zamanı bu konvensiyada öz əksini tapmış soyqırımı cinayətini təşkil edən bütün hərəkətlər baş verib. Planlaşdırılan kütləvi və amansız qırğın aktının məhz azərbaycanlı olduqları üçün bu ərazidə yaşayan insanları tamamilə məhv etmək məqsədi ilə həyata keçirildiyi artıq heç kəsdə şübhə doğurmur. Üstəlik, Ermənistanın müharibə zamanı davranış normalarını müəyyən edən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə görə, müharibə yalnız silahlı münaqişə tərəflərinin silahlı qüvvələri arasında aparılmalıdır. “Müharibə dövründə mülki şəxslərin müdafiəsi ilə bağlı” IV Cenevrə Konvensiyasının 3-cü maddəsi mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsdləri, o cümlədən müxtəlif vasitələrlə qətl və xəsarət yetirilməsi, əhaliyə amansız rəftar edilməsi, iztirab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd edilməsini qadağan edir. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin tətbiqi, onların qorxudulması, onlara qarşı terror aktları və repressiyalar açıq şəkildə qadağandır. Konvensiyanın 34-cü maddəsinə əsasən mülki şəxslərin girov götürülməsinə də aiddır. Lakin təkcə Xocalıda ermənilər mindən çox insanı girov götürərək, bu hüquq normalarına məhəl qoymayıblar. Beləliklə, Ermənistanın bütün hərəkətlərinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada nəzərdə tutulmuş soyqırımı cinayətinin törədilməsi şərtlərinə düşdüyü tamamilə aydındır.
Bu faciə ilə bağlı müstəqil araşdırma aparan “Memorial” İnsan Hüquqları Mərkəzi bəyan edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya basqın zamanı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin maddələri də pozulmuşdur. Üstəlik, silahlı birləşmələrin hərəkətləri Fövqəladə hallar və silahlı münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamə ilə kobud şəkildə ziddiyyət təşkil edir.
Cinayətə ilk siyasi qiymət və Xocalıya ədalət!
Ümummilli lider Heydər Əliyev o vaxtkı ölkə rəhbərliyinin Xocalını taleyinə mövqelərinə kəskin etirazını bildirərək demişdir: “Azərbaycanın və xalqımızın milli müstəqilliyi ilə bağlı xəyanətkar mövqeyi, öz konstitusiya borcuna cinayətkarcasına biganəliyi, siyasi hakimiyyət uğrunda aramsız oyunlar, respublikamızda bilavasitə hakimiyyətdə olan anarxiya və xaos hökm ilə bu tarixi faciənin törədilməsinə, Xocalını xilas etmək üçün real imkanların olmasına baxmayaraq, uzun müddət düşmən mühasirəsində taleyinə buraxılmış, günahsız əhali qəsdən qırğına buraxılmış vətəndaşlarımızın kömək çağırışlarına biganəlik göstərilib. Erməni faşizminin əsl simasını bir daha ortaya qoyan və göstərən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquq normalarına uyğun olaraq sivil dünya tərəfindən pislənilməlidir”. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə erməni separatçılarının Azərbaycan xalqına qarşı cinayətkar əməllərinə dövlət səviyyəsində ilk dəfə siyasi qiymət verdi. Onun 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı azərbaycanlıların deportasiyasının hərtərəfli öyrənilməsi və bu cinayətə siyasi-hüquqi qiymətin verilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Təəssüf ki, dünya miqyasında faciəyə hələ də siyasi qiymət verilməyib, baxmayaraq ki, Azərbaycan xalqının genefondunun məhv edilməsi faktı göz qabağındadır və bir sıra ölkələr Xocalı hadisələrini soyqırımı kimi tanıyıblar. Bu faciəni “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəd İslam Konfransı Təşkilatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi Xüsusi Qətnamə oldu. Dünyanın 51 ölkəsinin qəbul etdiyi qətnamədə Xocalı faciəsi “erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin törədiliş kütləvi soyqırımı” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Həmçinin “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində 20-dən çox ölkənin parlamenti (Peru, Kolumbiya, Panama, Pakistan, Çexiya, Bosniya və Herseqovina, İordaniya və s.), həmçinin ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı hadisəni pisləyib və ya “soyqırımı” kimi tanıyıb.
Son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media,internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və bir çox təşkilatlar tərəfindən onun fəaliyyəti dəstəklənir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xocalı soyqırımı hər il genişmiqyaslı tədbirlərlə anılır. Xocalı soyqırımı ilə bağlı keçirilən ənənəvi ümumxalq yürüşləri Azərbaycan xalqının sıx birliyini, soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiramını, işğal olunmuş torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirir. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı aktında iştirak etmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Xocalıya ədaləti təmin edən güclü lider və müzəffər Azərbaycan Ordusu
Xocalı üçün ədaləti Azərbaycan Ordusu bərqərar etdi, amma beynəlxalq məhkəmələrdə və tribunalarda hələ ədalət təcəssüm etməyib. Bununla belə deyə bilərik - 31 ildən sonra Xocalı qurbanlarını artıq başı uca, qalib ölkə kimi anırıq. Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarixə, hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zamana, Xocalı sakinlərinin dünyada misli görünməmiş soyqırımına məruz qaldıqları o məşum günə, yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min-bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik. And içdik ki, qisasları qiyamətə qalmayacaq.
Andımızı, mənəvi və hüquqi öhdəliyimizi yerinə yetirdik. 2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu. Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin 10 noyabr tarixli razılaşmada əasında verdiyi qələbə müjdəsindən sonra insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi - “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” dedilər.
34 ildir hər dəfə Xocalı deyəndə sarsılmışıq, o dəhşətli həqiqəti unutmamışıq. 34 ildir o dinc, gözəl şəhərimizə amansız soyqırımı gətirənləri lənətləmişik. Özü də təkcə biz yox, dünya lənətləyib. XX əsrin ən dəhşətli qırğınlarından biri, erməni millətçiliyinin tarixdən silinməyən qara ləkəsidir Xocalı soyqırımı. Qapqara gecənin içində havadarlarına güvənib yarıyuxulu şəhəri oda qalayan, qırdıqlarını qıran, qırmadıqlarını əsir götürən, insan ağlına sığmayan vəhşiliklər törədən erməni faşistləri tarix boyu bu murdar əməllərinə görə başıaşağı olacaqlar. Azərbaycanın isə başı ucadır, çünki Xocalının qisasını qiyamətə saxlamadı.
Keçən illərdən fərqli olaraq artıq bu ildönümündə biz qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu. Bununla da ölkə özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı tətbiq edilən uğurlu strategiya və ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı əraziləri düşməndən təmizlədi. Düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə dəf etmiş, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatmışdır. Zəfərimizə mənəvi məna verən isə işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən-axıra kimi ləyaqətlə, inmala mübarizə apardı. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi.
Sentyabrın ayında keçirilmiş birgünlük antiterror əməliyyatından sonra Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarımızda suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamamında - 2023-cü il 15 oktyabr tarixində Xocalıda Azərbaycan bayrağını ucaltmaqla bütün dünya azərbaycanlılarına sonsuz sevinc və qürur hissi yaşatdı.
Xocalıya həyat gətirdik!
Soyqırımı şəhəri kimi yaddaşımızda qalan Xocalı indi yenidən dirçəlir. Bu şəhərin küçələrindən tezliklə yenə də uşaq səsləri, evlərdən şənlik sədası gələcək, toy-büsat qurulacaq. Prezident İlham Əliyev antiterror əməliyyatından dərhal sonra, ilk növbədə, Xocalının bərpa edilməsi ilə bağlı xüsusi tapşırıq verdi və tapşırıq uğurla yerinə yetirildi. Xocalı rayonunun inzibati mərkəzi olan Xocalı şəhərinin Baş Planı hazırlanaraq mühüm işlərin həyata keçirilməsinə başlanılıb. Ağdam-Xankəndi-Şuşa marşrutu üzərində yerləşən bu şəhər davamlı inkişaf edən canlı regional mərkəz, strateji yaşayış məntəqəsi rolunu oynayacaq. Beynəlxalq hava limanının mövcudluğu, şəhər ətrafından keçəcək respublika əhəmiyyətli avtomobil və dəmir yolları Xocalını həm işgüzar, həm də turizm məqsədləri üçün rahat təyinat nöqtəsinə çevirəcək. Sənaye, təhsil və mədəniyyət mərkəzlərinə yaxınlığı, zəngin tarixi irsə malik olması isə şəhərin müxtəlif istiqamətlərdə paralel inkişafına töhfə verəcək.
Xocalının Böyük Qayıdış proqramı çərçivəsində dirçəlişi, bərpası və yenidən qurulması bu torpaqları inkişaf etmiş bölgəyə çevirir. Bu gün Xocalıdan olan sakinlər ermənilərin törətdikləri dəhşətli fevral faciəsini unutmasalar da, öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar. Xocalıya qayıdış həm də xalqımızın dünya ermənililiyi üzərində zəfəridir. Xocalı təkcə işğaldan azad edilməyib. Bu faciə zamanı həm də 20-ci əsrin soyqırımı törədilib. Biz qayıdışla xalqımıza qarşı bir neçə əsrlik qisasımızı aldıq: "Xocalıya qayıdış erməni zülmünə məruz qalmış əcdadlarımızın ruhunun şad olmasıdır. Xocalı bu gün ən gözəl günlərini yaşayır. Bundan sonra şəhərin torpağının üstündə Xocalının doğma sakinləri addımlayacaqlar. Havasını da onlar udacaq, suyunu da köçkünlüyə son qoymuş insanlar içəcəklər. Burada üçrəngli Azərbaycan bayrağı əbədi dalğalanacaq. Xocalının gözəlliyinin üstünə gözəllik gələcək.
Xocalı ilə dərinləşən Vətən sevdası nəsildən-nəsilə ötürülür
Xocalı faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və bu gün tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Xalqımızın mübarizə əzmini möhkəmləndirdi, gənc nəslin vətənpərvərlik tərbiyəsini formalaşdırdı. Əminliklə demək olar ki, həmin dövrdə qaçqın düşən uşaqlar, yaxınları faciə qurbanı olan gənclər sonralar həmin ərazilərin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq göstərdilər. Bu gün bütün bu tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında da bu məqsədlə ardıcıl işlər görülür, tədbirlər, layihələr həyata keçirilir. Xocalı Soyqırımının ildönümləri ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında vətənpərvərlik mövzusunda tədbirlər keçirilir, filmlər, sərgilər nümayiş etdirilir, faciə qurbanları anılır. Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımıza həsr olunmuş tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Azərbaycanımızın saysız-hesabsız qəhrəmanları var ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl vətənpərvərlik tərbiyəsidir. Şəhidlərin və Vətən müharibəsi qəhrəmanlarının gənclər arasında daha yaxından tanıdılması məqsədilə mütəmadi olaraq gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri keçirilir, şəhid ailələr, şəhid məzarları ziyarət olunur. Hərbi-idman oyunları, hərb peşəsinə maraq yaradan müxtəlif konseptli tədbirlər keçirilir, tariximin müxtəlif mərhələləri, milli dəyərlərimiz, dövlətçiliyimizlə bağlı aktual məsələlər dəyirmi masalarda müzakirə olunur.
Qürurla deyirik ki, artıq Vətənimiz Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkə kimi ildən-ilə daha da qüdrətlənir, iqtisadi gücünü artırır, siyasi arenadakı mövqeyini gücləndirir, gələcəyə sülh və əminamanlıq şəraitində irəliləyir. Bu gün hər bir Azərbaycan gənci də ölkəmizin gücünü, qüdrətini dərindən dərk etməli, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, dövlətimizin başçısı cənab İlham Əliyevin liderliyində yetişən və şaxələnən Azərbaycan gəncliyi bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlanacaqdır.
Məcid SEYİDOV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini,
“Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı” İctimai Birliyinin sədri








