Zəfər - birliyin gücündən doğan qürur
Zəfər... Bu sözün içində neçə-neçə illərin həsrəti, neçə-neçə ürəyin duası, neçə-neçə ananın göz yaşı, bir xalqın sarsılmaz iradəsi və Vətən sevgisi yaşayır. Zəfər yalnız döyüş meydanında qazanılan qələbə deyil, həm də bir millətin özünəinamının, milli ruhunun və birlik əzminin təntənəsidir. O, tariximizin yaddaşına qızıl hərflərlə yazılmış, gələcək nəsillərə qürurla ötürüləcək müqəddəs bir salnamədir.
Azərbaycan xalqı tarix boyu öz torpağına, milli dəyərlərinə və azadlıq amalına bağlılığı ilə seçilib. Uzun illər Qarabağ həsrəti ilə yaşayan xalqımızın qəlbində bir ümid çırağı heç zaman sönmədi. Hər evdə bir Qarabağ sevgisi, hər ürəkdə bir Şuşa nisgili, hər duada Vətən arzusu vardı. Nəhayət, həmin arzu ümummilli həmrəyliyə, sarsılmaz iradəyə və tarixi Zəfərə çevrildi.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, xalqın birliyi ən böyük gücdür. Ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın dövlət ətrafında sıx birləşməsi Zəfərin əsas dayaqlarından oldu. Cəbhədə vuruşan əsgərin arxasında milyonlarla ürəyin döyünməsi, ön cəbhədəki qəhrəmanla arxa cəbhədəki vətəndaşın eyni amal uğrunda birləşməsi milli birliyin əsl təcəssümünə çevrildi.
Birlik elə bir qüvvədir ki, ayrı-ayrılıqda zəif görünən səsləri möhtəşəm bir nəğməyə, fərqli ürəkləri vahid bir döyüntüyə çevirir. Bir xalq eyni məqsəd ətrafında birləşəndə qarşısında heç bir çətinlik keçilməz görünmür. Çünki birliyin olduğu yerdə inam, inamın olduğu yerdə iradə, iradənin olduğu yerdə isə qələbə vardır.
Şuşanın azadlığı ilə zirvəyə ucalan Zəfər sevincimiz yalnız bir şəhərin deyil, bütöv bir xalqın ruhunun azadlıq nəğməsi idi. Qarabağın hər qarışında dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi ilə qazanılan qürurun rəmzinə çevrildi.
Bu gün Zəfər haqqında danışarkən yalnız keçmişimizi xatırlamamalı, həm də gələcəyimiz üçün nəticə çıxarmalıyıq. Birliyimizi qorumaq, milli dəyərlərimizə sahib çıxmaq, Vətənə sevgi və məsuliyyət hissini gələcək nəsillərə aşılamaq hər birimizin mənəvi borcudur. Çünki Zəfəri qazanmaq qədər onu yaşatmaq, qorumaq və gələcək nəsillərə ötürmək də böyük məsuliyyətdir.
Unutmayaq: xalqın gücü onun birliyində, birliyin gücü isə ortaq amalına sədaqətindədir. Biz birlikdə daha güclüyük! Biz birlikdə daha qüdrətliyik! Çünki Vətən sevgisi ilə döyünən ürəklər heç vaxt məğlub olmur.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim uca olsun!
Zəfər Marşı
Səsləyib döyüşə əzəldən atam,
Tapşırdı sahib çıx ana torpağa.
Sən əz nəfsi də yurda olana
Qoyma vətəndən bir parça ala.
Cana can demişik, qana qan, oğul,
Əmanət hər qarış torpağı qoru.
Sabahın, gələcəyin, yazın baharın,
Nəslinə miras ötür sən bu diyarı.
Ərlər igidlər yetişdi vətən səsinə
İtmiş gül nuruna, batmış şur səsinə,
Əzilmiş qüruruna, tapdanmış əqidsinə,
Bayraq sancağıyla dikilmiş Şuşa sinəsinə
Bayramda, toylarda “gün o gün ola",
Bitdi o intizar, bitdi o kaşlar.
Başladı tonqallar, quruldu mağarlar,
Havalandı Xan səsi, Qarabağın azadlıq salnaməsi!...Zəfər Marşı
Aytac Kamal
Cəlil Məmmədquluzadə Ev Muzeyinin əməkdaşı








