“Zəfər Hekayələri” layihəsinin açılış mərasimi keçirilib -

“Zəfər Hekayələri” layihəsinin açılış mərasimi keçirilib - FOTO

25 Dekabr 2025

Dekabrın 25-də Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi, Naxçıvan Müəllimlər İnstitutunun məzunu Mehrəliyeva Bahar Famil qızının rəhbəri olduğu “Zəfər Hekayələri” layihəsinin açılış mərasimi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir “Zəfər Hekayələri” layihəsinin tərəfdaşları qismində Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının nümayəndələrinin, şəhid ailələri və qazilərlə bağlı ictimai birliklərin sədrlərinin, institutun rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə təşkil olunub.

Açılış mərasimi Ulu Öndər Heydər Əliyevin, Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin və həmçinin ötən il-25 dekabr 2024-cü il tarixində Bakı–Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin birinci ildönümü ilə əlaqədar ehtiram anı ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov layihənin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi məsuliyyət hissinin gücləndirilməsinə xidmət etdiyini qeyd edib. O, şəhidlərin həyat yolunun yazıya alınmasının həm mənəvi borc, həm də tarixi missiya olduğunu diqqətə çatdırıb. Elşən Məmmədov çıxışında bildirib ki, institutun yetirmələrinin qazandığı uğurlar, onların layihədə göstərdiyi təşəbbüslər institutun ümumi uğurudur və bu cür layihələrin icrası gənclərin sosial məsuliyyət və vətənpərvərlik ruhunu gücləndirir.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən Məcid Seyidov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi hər zaman gənclərin yanında olub, onların təşəbbüslərini dəstəkləyir və onların sosial, intellektual, milli-mənəvi inkişafına önəm verir. Nazir vurğulayıb ki, “Zəfər Hekayələri” layihəsi nazirliyin gənclərin inkişafını təşviq edən fəaliyyətlərinin təbii davamıdır. Layihə gənclərə tarixi yaddaşı qorumaq, şəhid ailələri ilə həssas və etik ünsiyyət qurmaq və dövlətçilik ruhunu dərk etmək imkanlarını təqdim edir, nazirlik isə bu təşəbbüslərin hər mərhələsində gənclərin yanında olacaq.     Sonra Şəhid Amin Gülməmmədovun atası, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək şəhidlərin həyat yolunun gənclər tərəfindən öyrənilməsini və yazıya alınmasını yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin şəhidlərin xatirəsinin daim yaşadılmasına, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə düzgün şəkildə çatdırılmasına xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov layihənin məqsəd və gözlənilən nəticələri barədə məlumat verərək, gənclərin sosial həssaslıq, empatiya və milli məsuliyyət bacarıqlarının inkişaf etdirilməsinin layihənin əsas prioritetlərindən olduğunu bildirib.

Sonra layihə rəhbəri Bahar Mehrəliyeva çıxış edərək layihənin icra mexanizmi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, gənclərin bu prosesdə həm peşəkar bacarıqlar, həm də mənəvi dəyərlər qazandığını vurğulayıb. O bildirib ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının 7 rayonu və şəhərində yaşayan təxminən 150 şəhid ailəsi ilə görüşlər keçiriləcək və şəhidlərin həyat və Zəfər hekayələri gənclər tərəfindən sənədləşdiriləcək. Toplanan materiallar əsasında hazırlanan kitabın layihənin yekununda yüksək səviyyəli tədbirdə-“Zəfər Qalereyası”nda təqdim edilməsi planlaşdırılır.

Açılış mərasiminin yekununda Qarabağda tarix yazmış qəhrəmanlarımıza həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra mövzu üzrə ixtisaslaşmış mütəxəssislər-Naxçıvan Müəllimlər İnstitutunun dosentləri-filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənova və Psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva tərəfindən gənclər üçün müsahibə aparma, hekayə yazma və şəhid ailələri ilə həssas və etik ünsiyyət bacarıqlarına dair təlimlər keçirilib. Təlimlərin sonunda gənclər arasından layihənin əsas icraçı qrupu seçilərək, gələcək fəaliyyətlərdə prioritet rol oynayacaq iştirakçılar müəyyənləşdirilib.

Qeyd edək ki, “Zəfər Hekayələri” layihəsinin əsas məqsədi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında yaşayan şəhidlərin həyat yolunun və qəhrəmanlıq dolu hekayələrinin gənclər tərəfindən sənədləşdirilərək “Zəfər Hekayələri” adlı kitab halında ictimaiyyətə təqdim olunmasıdır.

Bu layihə gənclərin yalnız tarixi faktları öyrənməsini deyil, eyni zamanda sosial məsuliyyət daşıyan, milli-mənəvi dəyərlərə sadiq və dövlətçilik ruhunu dərindən anlayan vətəndaşlar kimi formalaşmasını hədəfləyir.