“20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” adlı tədbir keçirilib -

“20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq tarixi” adlı tədbir keçirilib - FOTO

15 Yanvar 2025

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə yanvarın 15-də Xatirə Muzeyində keçirilən tədbirdə İcra hakimiyyətinin nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək tədbirin mahiyyətini diqqətə çatdırıb. Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Faciə zamanı dinc və günahsız Azərbaycan vətəndaşları şəhid olmuş, yaralanmış, xəsarət almış, qanunsuz həbs edilmişdir.

Faciəyə ilk dəfə öz etirazını bildirən Ümummilli Lider Heydər Əliyev sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmiş, sonrakı dövrlərdə faciəyə siyasi-hüquqi qiymət verən qərarlar qəbul etmişdir.

İcra hakimiyyəti başçısının müavini qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəsinin rəmzidir. Azərbaycan xalqı öz mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların xatirəsini hər zaman uca tutur.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları; - filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova, Vüsal Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Əziz Qasımov və şəhid ailələrinin üzvləri çıxış edərək 1990-cı ilin yanvarında sovet imperiyası qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan xalqının mübarizə əzminin təntənəsini bütün dünya 44 günlük Vətən müharibəsi zamanı bir daha gördü. Güclü Azərbaycan ordusu, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan düşmən üzərində parlaq qələbə qazanaraq öz gücünü dünyaya nümayiş etdirdi. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların uğrunda canını fəda etdikləri müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin edilib və ölkəmiz tarixi Zəfərin işığında gələcəyə doğru böyük inamla addımlayır.

Sonda tədbir iştirakçılarına muzeydə nümayiş olunan şəhidlərimizə aid sənəd və fotolar barədə ətraflı məlumat verilib, xatirə şəkili çəkdirilib.